Azərbaycanda çəkilən seriallar tamaşaçıları özünə cəlb edə bilmir. Çəkilən filmlərdə bayağılıq, sünilik, mövzu kasadlığı, şitlik baş alıb gedir. SİA-nın xəbərinə görə, bu sözləri Milli Televiziya və Radio Şurasın sədri Nuşirəvan Məhərrəmli ölkədə fəaliyyət göstərən prodakşn rəhbərləri ilə görüşdə səsləndirib.
Şura sədrinin sözlərinə görə, Azərbaycanda çəkilən seriallar tamaşaçıları özünə cəlb edə bilmir: "Dövlət tərəfindən 2011-ci ildə milli serialların çəkilməsi üçün 5 milyon manat vəsait ayrıldı. Doğrudur, bu sahədə müəyyən işlər görüldü. Hətta 20-ə qədər serial çəkildi. Milli serialların çəkilməsi sahəsinin canlanması üçün xeyli işlər görüldü. Təəssüf ki, bütövlükdə bu sahədə əldə olunan nailiyyətlərdən danışmaq doğru olmaz".
Eyni zamanda şura sədri vurğulayıb ki, kino prodakşnların sayının çox olması MTRŞ-ı narahat edən məsələlərdəndir: "Azərbaycan kiçik bir ölkədir. Bu qədər kino prodakşn varsa, nə üçün milli serial çəkilişi sahəsində vəziyyət belə bərbaddır? Kino sahəsində işləyən işıqçı, rejissor köməkçisi və bu sahədə çalışan hər kəs bir prodakşn yaradıb. Müstəqil film çəkməyə başlayıblar. Ancaq keyfiyyət sıfıra bərabərdir".
Şura sədri bildirib ki, MTRŞ-ı narahat edən prodakşınların çəkdiyi serialların telekanallarda yayımlanması məsələsidir: "Artıq MTRŞ-yə film çəkilişi üçün 40 prodakşın müraciət edib. Dövlət vəsaiti prodakşınlara verilsə, onların çəkdiyi seriallar televiziyada göstəriləcəkmi? Bu sual da özlüyündə çox şeyi ehtiva edir. Özəl telekanal rəhbərləri bildirir ki, reytinq olmasa serialları göstərməyəcəklər. Bu da yeni sualı meydana gətirir. Ayrılan vəsaiti kimlərə verək? Kino prodakşınlara, yoxsa televiziyalara? MTRŞ bütün işlərini dünyada mövcud olan praktikaya uyğun aparır. Ona görə də smetalar ciddi şəkildə tərtib olunmalıdır".
Görüşdə çıxış edən rejissor Kənan Mahmudov (Kənan MM) bildirib ki, filmləri bu sahənin peşəkarları çəkməlidir.
Görüşdə həmçinin bir neçə prodakşının birləşərək film çəkməsi təklifi də səslənib.
Qeyd edək ki, məsələyə MTRŞ-ın iclasından sonra qərar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB