“Regional və qlobal siyasətdə Azərbaycanın yeri: mövcud və gələcək zaman baxımından”

“Regional və qlobal siyasətdə Azərbaycanın yeri: mövcud və gələcək zaman baxımından”

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAPGB) baş ofisində siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun sədrliyilə "Regional və qlobal siyasətdə Azərbaycanın yeri: mövcud və gələcək zaman baxımından" adlı seminar təşkil edilib. SİA-nın məlumatına görə, seminarda YAP GB-nin sədri Seymur Orucov, Birliyin üzvləri və media nümayəndələri iştirak edib.

Seymur Orucov seminarda çıxışında deyib ki, Azərbaycan regionda lider dövlətdir və bu da Qafqazda gedən siyasi proseslərdə öz sözünü deməsinə imkan yaradır: "Məlumdur ki, Azərbaycanın müstəqilliyi çox kiçik bir dövrə təsadüf edir. Lakin həm regionda, həm də dünyada bir çox sahələrdə olduğu kimi, Azərbaycan uğurlu siyasətdə də nüfuzlu dövlətlərin sırasındadır. Azərbaycan şərq ölkəsi olmasına baxmayaraq Qərbin mədəniyyəti ilə uyğunlaşmağı bacarır, eyni zamanda o öz milli dəyərlərini qoruyur və gənc nəslə bu dəyərləri aşılayır".

Azərbaycanın öz daxili resursları hesabına iqtisadiyyatını gücləndirdiyini deyən Elşən Nəsibov isə bildirib ki, regionda balanslaşma siyasətini də ilk dəfə olaraq məhz bu dövlət həyata keçirib: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatda, sosial sferanın inkişafında, ən əsası isə ölkədaxili sabitliyin mövcudluğunda da Qafqazda lider ölkə olaraq qalır. Düşünürəm ki, elə bu keyfiyyətdə onun regionda yürütdüyü xarici siyasətin uğurlarını daha da artırır".

Daha sonra seminar diskussiya formasında davam edib və seminar iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə