Millət vəkili Nyu Yorkda 32-ci Türk Günü yürüşünə qatılıb

Millət vəkili Nyu Yorkda 32-ci Türk Günü yürüşünə qatılıb

Türk Amerikan Dərnəkləri Federasiyası (TADF) tərəfindən təşkil edilən 32-ci Nyu York Türk Günü Yürüşünə Azərbaycanı təmsil edən millət vəkili Qənirə Paşayeva, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Tomris Azərinin rəhbərlik etdiyi Amerika Azərbaycanlıları Şurası və Nyu Yorkda fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri də qatılıb. SİA-ya verilən məlumata görə, yürüşə Türkiyə tərəfindən Avropa Birliyi naziri və Başmüzakirəçi Egemen Bağış, Türkiyə -Amerika Parlamentlərarası Dostluq qrupu başçısı və AK Partiya Ümumi Başçı Köməkçisi, millət vəkili Mevlüt Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik, Nyu Yorkdakı Baş konsulu Levent Bilgen, Şimali Kipr Türk Respublikası Baş naziri İrsen Küçük, eyni zamanda TADF naziri Ali Çınarın, bundan başqa Türkiyə, KKTC və Azərbaycandan çox sayda millət vəkili, sənətçi, Türk dövlət və xalqlarını təmsil edən çoxlu sayda diaspor təşkilatları və vətəndaşları iştirak edib. On minlərlə türkün və amerikalının iştirak etdiyi, maraqla izlədiyi 32-ci Türk Günü Yürüşünə bir sıra konqresmenlər və ABŞ rəsmiləri də qatılıb.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, tədbirin ən önəmli özəlliklərindən biri odur ki, bu yürüş Türk millətinin gücünü, birlik və bərabərliyini göstərməklə yanaşı, Türk milləti əleyhinə çalışan bəzi qruplar üçün də bir xəbərdarlıqdır: "Bizim birlik və bərabərliyimizi görüb başa düşəcəklər ki, apardıqları düşmənçilik, yalan, böhtan və işğalçılıq siyasəti nəticəsiz qalacaq".

Bu yürüşün 32-ci ili, bütün Türk dünyası təmsilçilərinin iştirakı ilə gerçəkləşdirildiyini deyən millət vəkili qeyd edib ki, gücümüz bundan sonra daha da artacaq.

Qənirə Paşayeva 32-ci Türk Günü Yürüşü çərçivəsində Nyu Yorkda Türk kökənli diaspor təşkilatları rəhbərləri ilə də görüşüb. Millət vəkili görüş zamanı bildiririb ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.

Qənirə Paşayeva həmçinin ABŞ-da fəaliyyət göstərən türk diaspor təşkilatlarının Azərbaycan, Türkiyə və ya digər türk dövlət və cəmiyyətlərindən gəlməsinə baxmayaraq, koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün birgə çalışmalarının vacibliyini xüsusi diqqətə çatdırıb.

Türk diasporunun rəhbərləri ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün sonunda millət vəkili Qənirə Paşayeva türk diasporunun rəhbərlərinə Azərbaycan həqiqətlərinə dair materialları hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə