Həştərxanda “Heydər Əliyev irsi” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib
Mayın 20-də Həştərxandakı Heydər Əliyev adına orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş yekun tədbirlər çərçivəsində "Heydər Əliyev irsi" mövzusunda yaradıcı işlər müsabiqəsinin iştirakçılarına mükafatlar təqdim edilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyub, sinif otaqlarına baxıb, şagirdlərin yaradıcı işləri ilə tanış olublar.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov tədbiri açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun, Nərimanov rayon İcra Hakimiyyətinin və Həştərxan vilayəti Administrasiyasının dəstəyi ilə Həştərxanda keçirilən silsilə tədbirlər bu gün başa çatır.
Həştərxan vilayətinin baş naziri Konstantin Markelov Azərbaycan xalqının ümummilli lideri, həm Azərbaycan, həm də bütövlükdə sovet ölkəsi üçün çox iş görmüş Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərin əhəmiyyətini vurğulayaraq deyib: "Ölkələrimiz arasında çox yaxşı iqtisadi, siyasi və sosial əlaqələr vardır. Rusiya və Azərbaycan prezidentlərinin dəstəyi ilə Həştərxanda həyata keçirilən layihələr buna sübutdur. Həştərxanda məktəb, park, uşaq şəhərciyi salınmışdır. Bundan əlavə, burada knyaz Vladimirə abidə ucaldılacaqdır".
Baş nazir qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda uşaq bağçası da tikiləcəkdir. K.Markelov bildirib ki, bu il Bakıda Azərbaycan ilə Həştərxan vilayəti arasında dostluğun rəmzi olan park salınacaq, abidə qoyulacaqdır.
Sonra Həştərxan vilayətinin baş naziri Konstantin Markelov və Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məktəbin 10 şagirdinə və 5 müəlliminə Heydər Əliyev Fondunun mükafatlarını təqdim ediblər.
Daha sonra məktəb şagirdləri arasında "Heydər Əliyev irsi" müsabiqəsinin "Şeir", "İnşa", "Kompyuter yaradıcılığı", "Yaradıcı layihə" və "Tədqiqat işi" nominasiyalarında qalibləri mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB