Polşada Ulu Öndərin 90 illik yubileyi qeyd olunub FOTOLAR

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak edib
Polşada Ulu Öndərin 90 illik yubileyi qeyd olunub FOTOLAR

12-18 may 2013-cü il tarixlərində Bakı şəhəri Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərliyi altında Polşa Respublikası Pruşkuv rayonunun Nadajın şəhərinə 6 nəfərlik nümayəndə heyəti səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Polşadakı Səfirliyinin dəstəyi və Nadajın şəhər icra hakimiyyətinin köməyi ilə silsilə tədbirlər keçirilib.

13 may 2013-cü il tarixində Varşava şəhərinin Saska Kempa mədəniyyət mərkəzində Xəzər rayonundan Polşaya səfər etmiş nümayəndə heyəti Azərbaycan Respublikası Polşadakı Səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevlə bağlı tədbirdə iştirak edib. Tədbir çərçivəsində nümayəndə heyətinin üzvləri tərəfindən Xəzər rayonunda aparılan quruculuq və abadlıq işləri ilə bağlı Azərbaycan Diasporasının üzvlərinə ətraflı məlumat verilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin birbaşa qayğısı nəticəsində açılmış məktəblər, inşa olmuş yollar və əhalinin işlə təmin olunması yönündə görülmüş işlərdən danışılıb.

14 may 2013-cü il tarixində nümayəndə heyəti Nadajın şəhərində yerləşən Eşitmə Fiziologiyası və Patologiyası İnstitutunda olub. Nümayəndə heyətinə İnstitutun iş fəaliyyəti haqda məlumat verilib və son illər ərzində əldə olunmuş nailiyyətlər haqda danışılıb. Xəzər rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov son illər Prezident İlham Əliyevin birbaşa qayğısı nəticəsində ölkədə müasir standartlara cavab verən yeni xəstəxanaların açılması və Səhiyyə sahəsində görülmüş işlər haqqında ətraflı məlumat verib.

15 may 2013-cü il tarixində Nadajın şəhərində yerləşən II İoan Pavel adına gimnaziyada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib. Tədbiri Nadajın şəhərinin meri Yanuş Qjıb açaraq şagird və müəllimlərə tədbir haqqında məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin dəvəti əsasında Roma Papası II İoan Pavel ilk dəfə Azərbaycana və Qafqaza səfər edib. Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yer, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və iqtisadi kurs bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Polşadakı Səfiri Həsən Həsənov tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin ölkənin ən çətin vaxtlarında Prezident seçilməsindən danışıb və qısa zaman ərzində ölkəni siyasi böhrandan və iqtisadi tənəzzüldən çıxararaq stabil və inkişaf edən ölkəyə çevrilməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verib.

Sonra Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tərəfindən İoan Pavel II adına gimnaziyanın şagirdləri tərəfindən "Azərbaycan Şərq və Qərb arasında Qapı" mövzusunda Ümummilli Lider Heydər Əliyev və Azərbaycan haqqında yazılmış inşa müsabiqəsində ilk üç yeri tutmuş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim olunub.Tədbirdə polyak məktəbliləri üzərində "Heydər Əliyev-90" yazılmış köynək və papaq geyinib və yaxalarında Heydər Əliyevin rəsmi əks olunmuş döş nişanları taxıblar .

Tədbirin sonunda II İoan Pavel adına gimnaziya qarşısında Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi münasibətilə ucaldılmış abidə önündə əklil qoyulub.

16 may 2013-cü il tarixində Xəzər rayon nümayəndə heyəti ilə İoan Pavel II adına gimnaziya rəhbərliyi arasında şagird və müəllim heyətinin mübadiləsinə dair danışıqlar aparılıb və razılığa gəlinib. İlkin razılığa əsasən 2013-cü il iyun ayının sonları Polşadan 14 nəfərlik şagird heyəti bir həftəlik Bakıya gələcəkdir. Şagirdlərə bir həftə ərzində Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycanda polyak izləri, Azərbaycanın tarixi abidələri, Azərbaycan ailəsi və s. mövzular haqqında məlumat veriləcək və gəzintilər təşkil olunacaq. Azərbaycanlı şagirdlərin Polşa səfəri 2013-cü il avqust ayında nəzərdə tutulub.

17 may 2013-cü il tarixində Azərbaycandan Polşaya səfər edəcək şagird və müəllim heyəti üçün nəzərdə tutulmuş "Meşə Mirvarisi" istirahət mərkəzinə tanışlıq səfəri olub. Nadajın şəhər meri bildirib ki, müasir standartlara cavab verən istirahət mərkəzində Azərbaycandan gələcək müəllim və şagird heyəti üçün hər bir əlverişli şərait yaradılacaq.

Səfərin sonunda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Nadajın şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib və 12-18 may tarixlərində Polşada uğurla baş tutmuş səfəri 1 il öncə iki şəhər arasında imzalanmış qardaşlaşma haqqında müqavilənin əyani sübutu olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə