Millət vəkili Giresun valisi ilə görüşüb

Millət vəkili Giresun valisi ilə görüşüb

Türkiyədə səfərdə olan Millət vəkili Qənirə Paşayeva Giresun Valisi Dursun Ali Şahinlə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili Giresun Valisi Dursun Ali Şahinlə görüşdə Qarabağdan danışıb və Giresunla Azərbaycan bölgələrindən birinin qardaşlaşmasını təklif edib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.

O, Giresun ilə Azərbaycan bölgələrindən birinin qardaşlaşmasının önəminin vurğulayaraq bu istiqamətdə vali Dursun Ali Şahinin də öz səylərini artıracağına inandığını deyib. Dəfələrlə Giresunda səfərdə olduğunu və Giresunu çox sevdiyini deyən millət vəkili Qənirə Paşayeva bu bölgə ilə Azərbaycan arasında əməkdaşlığın artmasının önəmini xüsusi vurğulayıb.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili görüşdə, həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.

Azərbaycanı çox sevdiyini deyən Giresun valisi Dursun Ali Şahinin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu və bu istiqamətdə bir vali kimi əlindən gələni edəcəyini deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Giresun valisi Dursun Ali Şahini Azərbaycana dəvət edib. Giresun valisi Dursun Ali Şahini Azərbaycanı sevdiyini deyərək dəvəti məmuniyyətlə qəbul edib və Azərbaycana təkrar gəlməkdən məmnun olacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə