Umud Rəhimoğlu BMİ dünya konqresi və 62-ci baş assambleyasında iştirak edib

Umud Rəhimoğlu BMİ dünya konqresi və 62-ci baş assambleyasında iştirak edib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, BMİ-nin idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin sədri Umud Rəhimoğlu bu mötəbər qurumun 2013-cü il Dünya Konqresi və 62-ci Baş Assambleyasında iştirak edir. BAMF-dan SİA-ya verilən məlumata görə, İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən tanınmış jurnalistlər və media qurumları qatılıblar.

BMİ-nin Dünya Konqresini rəsmi olaraq İordaniyanın baş naziri cənab Abdulla Ensur açıb. Günün gedişində CNN-in tanınmış aparıcısı Cim Klensinin moderatorluğu ilə "Jurnalist kimdir?" paneli ətrafında müxtəlif istiqamətli fəaliyyətlər də daxil olmaqla dinləmələr və görüşlər keçirilib.

BMİ-nin builki konqresində müzakirələr prioritet məsələ hesab edilən "KİV-lərin hüquq və imkanlarının genişləndirilməsi üçün sənəd dəyişiklikləri" adlı ümumi mövzu ətrafında aparılır. Ümumilikdə panellərdə "Həvəsdən Sənətə doğru: Ərəb Baharı idealizmini Professianallığa necə çevirməli? ", "Həqiqətləri üçbucaqlara ayırmaq: Suriyanı necə əhatə etmək və kimə etibar etməli?", "Böhtana qarşı tədbirlər", "Din haqqında hesabat–mətbuat azadlığı ilə münasibəti necə tənzimləməli?", "İnternet tənzimlənməsi-Demokratiya və Mətbuat Azadlığı üzrə nəticələr hansılardır"?, "Media və hökümətlər korrupsiyaya qarşı mübarizə aparmaq üçün necə əməkdaşlıq edə bilərlər? " adlı məsələlər əsas müzakirə mövzularıdır.

Umud Rəhimoğlu BMİ-nin Azərbaycan Milli Komitəsinin və BMİ Bakı Regional Təşəbbüs Mərkəzinin mandatına uyğun olaraq görülən işlər barədə Dünya Konqresində hesabat verəcəyini bildirib.

"Mən regionda baş verən proseslərə medianın diqqətinin çəkilməsi baxımından BMİ-nın Yaxın Şərqdə baş verənlərə də münasibət bildirən bu ilki Dünya Konqresində iştirak etməkdən olduqca məmnunam. Aydındır ki, Suriyadakı müharibə şəraitini nəzərə alsaq, bu regionda jurnalist fəaliyyəti üçün heç də asan vaxt deyil, "- deyə daha sonra Umud Rəhimoğlu məlumat verib.

Qeyd edək ki, BMİ KİV hüquqlarının və azad mətbuatın qorunması missiyası ilə uzunmüddətdir ki, fəaliyyət göstərən qlobal təşkilatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə