Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III forumu işinə başlayıb

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III forumu işinə başlayıb

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) mayın 20-də Odessa şəhərində Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin III forumu işinə başlayıb. SİA-ya verilən məlumata görə, UAGB-nin sədri Anar Tahirov forumun açılışında çıxışı zamanı bildirib ki, Forumun keçirilməsində əsas məqsəd Azərbaycan, Ukrayna və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən azərbaycanlı tələbə və gənclər təşkilatları arasında səmərəli əməkdaşlığın qurulması və Azərbaycan dövlətçilik ideologiyasının təbliğ olunması istiqamətində birgə fəaliyyət proqramının hazırlanmasını təmin etməkdir.

Anar Tahirov bildirib ki, təşkilat Ulu Öndər Heydər Əliyev ideyalarını təbliğ edir: "Biz çox sevinirik ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev xaricdə yaşayan gənclərə diqqət və qayğı göstərir. Forumun keçirilməsi də bu qayğının nəticəsidir".

ASAIF-in təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Azərbaycan dövləti gənclərinin təşkilatlanmasına çox böyük töhfələrini verir: "Gənclərin xaricdə yüksək təhsil alması və təhsil aldıqları ölkələrin ictimai-siyasi həyatında aktiv olması kimi məsələlər Azərbaycan dövlətinin prioritet mövzusudur".

Səfir qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və layiqli davamçısı Prezident İlham Əliyevin də həyata keçirdiyi xarici siyasətdə Ukrayna önəmli yer tutur:"Hər iki ölkə arasında strateji və ticari əməkdaşlıq mövcuddur. Dost və etnik qohumluğu olan sıx münasibətləri var".

Səfir qeyd edib ki, UAGB gənclərin savadlı və intellektli olması üçün böyük layihələr həyata keçirir və inanıram ki, bundan sonra da Azərbaycan gəncliyinin inkişafı üçün öz töhfələrini verəcək.

Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvü Emin Hacıyev qurumun rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında bildirib ki, UAGB-nin sıraları genişlənir: "Müxtəlif ölkələrdə Azərbaycan gəncləri mütəşəkkil fəaliyyət göstərir. Qərbi və Şərqi Avropada gənclər təşkilatları mövcuddur. Sevindirici haldır ki, Azərbaycanın Ukraynada aktiv fəaliyyət göstərən gənclər təşkilatı var".

Nazir müavi vurğulayıb ki, gənclərin inkişafı Azərbaycan dövlətinin prioritet fəaliyyətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev növbəti beş ildə də Azərbaycan gəncliyinin inkişafı üçün öz töhfələrini verəcək.

Forumda həmçinin Odessa merinin birinci müavini, Odessa Gənclər və İdman Nazirliyinin müavini, Azərbaycan Parlamentinin deputatları da iştirak edib.

Qeyd edək ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 2010-ci il aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində keçirilən Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 1-ci forumunda təsis olunub.

UAGB ötən dövr ərzində təşkilatlanaraq bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid mərkəz ətrafında birləşdirməyə nail olub. Sözügedən qurumun Ukraynanın 20 vilayətində regional təşkilatı fəaliyyət göstərir. Hazırda Ukraynanın müxtəlif ali təhsil ocaqlarında 6 mindən çox azərbaycanlı gənc təhsil alır.

Xatırladaq ki, Forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə