"Ölkə ərazisində son günlər yağışlı hava şəraiti hökm sürür. İntensiv yağan yağışlar leysan xarakterli olub. Ölkədə müşahidə olunan bu cür hava şəraiti isə mayın 22-nə kimi davam edəcək". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, mayın 21-i və 22-si gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı və qısamüddətli yağış yağacağı gözlənillir: "Bölgələrə gəlincə isə mayın 21-i və 22-də havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu aran rayonlarında gündüz 23-28, dağlıq rayonlarda isə 16-21 dərəcə isti olacaq".
Baş hidroloq onu da vurğulayıb ki, Bakıda və Abşeron yarımadasında mayın 21-i və 22-də havanın əsasən dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mayın 22-si gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim cənub- şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 22-27 dərəcə isti olacaq".
A. Verdiyev həmçinin bildirib ki, havanın yağmurlu keçməsi çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Belə ki, ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 3-23 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 6-19 sm artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 90-130, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Mayın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 316 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir.
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 29 sm, Şirvanda 37 sm, Salyanda 12 sm, Bankədə 14 sm, Araz çayının Novruzlu məntəqəsində isə 24 sm artım müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB