I MİRAS Rəssamlıq Simpoziumu FOTO

I MİRAS Rəssamlıq Simpoziumu FOTO

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il mayın 15-22-də Ağsu və İsmayıllı rayonlarında I MİRAS Rəssamlıq Simpoziumu keçirib. SİA-ya verilən məlumata görə, İB sədri Fariz Xəlilli qeyd edib ki, tədbirin keçirilməsində məqsəd, regionlarda rəssamlığın inkişafına dəstək vermək, bu sahəyə paytaxtdan kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, ölkədə rəssamlıq simpoziumları ənənəsini yaratmaqdır: "Bu məqsədlə Bakıdan, Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olmaqdan ötrü bir qrup gənc rəssam gəlib. Bu gün onlar Ağsu şəhər məktəblərinin 20-ə yaxın şagirdi ilə ustad dərsləri keçiblər. Yeniyetmə oğlan və qızlar hamilərindən rəssamlığın bəzi sirləri ilə tanış olublar və yeni qazandıqları biliklərdən faydalanaraq, rəsmlər çəkiblər".

Simpozium zamanı 2 gün ərzində iştirakçılar Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olublar və orda gördüklərini kətan üzərinə köçürüblər. Daha sonra simpozium İsmayıllıda etdirilib.

Simpoziumda Azərbaycanın gənc rəssamları Anar Hüseynzadə, Anar Qəmbərli, Aydın Əsgərov, Məmməd Rəşidov, Vüqar Qurbanov, Fərid Mirzəyev, Fəxri Abbasov və Bəxtiyar Yusubov iştirak ediblər.

F.Xəlilli onu da bildirib ki, həm şagirdlərin, həm də paytaxt rəssamlarının simpozium müddətində hazırladığı əsərlər İB-in kolleksiyasında saxlanılacaq, gələcək layihələrdə Azərbaycanda və ölkənin hüdudlarından kənarda nümayiş olunacaq.

Qeyd edək ki, əsərləri ilk olaraq, 15 iyun- Qurtuluş günü münasibətilə Orta əsr Ağsu Turizm Kompleksində təşkil olunacaq sərgidə nümayiş olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə