Həştərxanda Ulu Öndərin 90 illik yubiley tədbirləri keçirilir

Həştərxanda Ulu Öndərin 90 illik yubiley tədbirləri keçirilir

Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanda deyil, beynəlxalq arenada da böyük nüfuza sahib olan görkəmli dövlət xadimidir. Bununla əlaqədar dünyanın bir sıra ölkələrində bu dahi şəxsiyyətin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Xüsusilə də ulu öndər Heydər Əliyevin fəaliyyəti və gördüyü işlər keçmiş SSRİ məkanında bir daha xatırlanır və yüksək qiymətləndirilir.

Bu gün Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər başlanıb. Tədbirlərə Həştərxanda 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev adına parkda start verilib. SİA-nın verdiyi məlumata görə, parkda Heydər Əliyevin abidəsi önünə əklillər və tər çiçəklər qoyulub.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, şəhər sakinləri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin təntənəli yubileyi münasibətilə parkda Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti olub.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin parkda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri və yerli sakinlərlə görüşüblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə parkda və onun ətrafında həyata keçirilmiş layihələrlə tanış olublar. Keçən il burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya dostluq körpüsü və uşaq meydançası açılıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə knyaz Vladimirə abidə ucaldılacaq ərazidə aparılan hazırlıq işləri ilə tanış olublar. Bildirilib ki, abidənin ətrafında park salınacaqdır. Ərazinin abadlaşdırılması üzrə işlərin bu il sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır.

Həştərxanda həyata keçiriləcək növbəti layihə Bakinskaya küçəsində uşaq bağçasının tikintisi olacaqdır. Həmin uşaq bağçasının tikintisi üçün Heydər Əliyev adına məktəbin qarşısında sahə ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə