"Hesab edirəm ki, internet resurslarında təhqir və böhtanla bağlı məsələ cinayət məcəlləsilə tənzimlənməmişdən əvvəl bu qanunun tətbiq olunmasilə bağlı müəyyən qədər təcrübə olmalı idi. Lakin bu təcrübə hələ ki, mövcud deyil". SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Cinayət Məcəlləsinə internetlə bağlı ediləcək düzəlişə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, insanlar istər internet mediasında, istərsə də sosial şəbəkələrdə yayılan təhqir və böhtandan qorunmalıdır: "Bu məsələ KİV haqqında qanunda da öz əksini tapıb. Lakin ehtiyat etdiyim bir sıra məqamlar da var. Birincisi internet resurslarında bu tip məsələlərin tənzimlənməsi kifayət qədər mürəkkəbdir. Çünki bu sahədə təcrübə hələ ki, yetərincə inkişaf etməyib. Digər bir məsələ isə ondan ibarətdir ki, xaricdə mövcud olan internet resursundan ölkə sərhədlərindən kənarda yaşayan şəxs istifadə edirsə və öz fikirlərini Azərbaycan dilində yazırsa müəyyən olunmuş Cinayət Məcəlləsindəki tələblərin bu insana qarşı tətbiq olunmasında çətinliklər yaranacaq. Ümumilikdə isə bu sahədə hələ də həllini tapmayan məsələlər mövcuddur".
Forumunun prezidenti qeyd edib ki, bu məsələ müzakirə edilmədən öncə internet resurslarından istifadə edən şəxslərə xəbərdarlıq olunmalı idi: "Ola bilər ki, gələcəkdə bu qanun sayəsində günahsız insanlar cəzalansın. Ona görə də, internetdə bununla bağlı öncə xəbərdaredici sistem yaradılmalıdır. Əgər internet resurslarının istifadəçisi bu xəbərdarlığa əhəmiyyət verməzsə, o zaman həmin şəxs araşdırılmalı və tutduğu əmələ görə cavab verməlidir".
Son dövrlərdə Azərbaycanda sosial medianın sürətlə inkişaf etdiyini deyən Osman Gündüz qeyd edib ki, internet resurslarında təhqirə və böhtana görə cəzaların sərtləşdirilməsi insanların sosial şəbəkələrdən uzaqlaşması ilə nəticələnə bilər: "Sosial şəbəkələrdən istifadə edənlərin sayı gündən-günə artmaqdadır. Dövlət qurumlarının nümayəndələri, hətta prezidentlər belə sosial şəbəkələrə inteqrasiya edirlər. Bir çox tanınmış şəxslər "Facebook"-da, "Twitter"-də hesablar açırlar. Əksər insanların məqsədi mediada olan məlumatları əldə etməkdir. Lakin Cinayət Məcəlləsində edilən düzəlişlər insanları internet resurslarından uzaqlaşdıra bilər. Fikrimcə, bu məsələ ilə bağlı bir qədər də düşünmək mütləqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB