Laçının işğal olunmasının 21-ci ildönümü Ağcabədidə qeyd olunub

Laçının işğal olunmasının 21-ci ildönümü Ağcabədidə qeyd olunub

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, əvvəlcə rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və rayonun Hüquq-mühafizə orqanlarının rəhbərləri Taxtakörpü qəsəbəsində şəhidlərin xatirə kompleksi önünə əklil və gül dəstələri qoyub. Respublikanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi yad edilib.

Laçının işğal olunmasının 21-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. O bildirib ki, Laçın rayonunun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 200-dən çox tarixi, mədəniyyət və dini abidə talan edilərək dağıdılıb.

Ata-baba yurdlarını bir an belə unutmadıqlarını deyən laçınlılar, dövlət başçısı İlham Əliyevin münaqişənin həlli ilə bağlı apardığı məqsədyönlü siyasəti dəstəklədiklərini bildiriblər. Tezliklə işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Laçın rayonunun azad ediləcəyinə qəti əminliklərini bildiriblər. Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə