Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinin 20-ci ildönümü münasibəti ilə "Azərbaycan" qəzetinin və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Milli Qurtuluş – 20: regionların sosial-iqtisadi yüksəlişi" mövzusunda dəyirmi masa keçirilib SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, fəal gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, 1990-cı illərin əvvəllərindən respublikada dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhranın son həddə çatdığı bir zamanda – 1993-cü ilin iyununda Azərbaycan real vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdı. Azərbaycanı dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı, böyük təcrübəyə malik görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət etdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü və qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə vətəndaş müharibəsinin qarşısı alınıb, torpaqların işğalı, respublikanın parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov "Heydər Əliyevin müəllifi olduğu inkişaf prosesində Lerik mühüm yer tutur" mövzusunda məruzə edərək bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Bu böyük qayıdış bu gün Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilib. Hazırda Cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Dəyirmi masada sahibkar-fermer Ələkbər Salayevin, Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirovun, Lerik peşə məktəbinin direktoru, qabaqcıl təhsil işçisi Hüseynbala Əliyevin, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın çıxışları dinlənilib.
Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək bildirib ki, 1993-cü il iyun hadisələri zamanı Azərbaycanın üz-üzə qaldığı vətəndaş müharibəsi təhlükəsi məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə aradan qaldırılıb. Onun yaratdığı Yeni Azərbaycan Partiyası siyasi sistemin dominant güc mərkəzinə çevirilib. Lerik şəhəri və kəndləri daimi tərəqqidən xəbər verir. Rayonun ən ucqar kəndlərinə belə qaz çəkilir, yollar abadlaşdırılır, inzibati binalar və məktəblər tikilir.
2013-cü ilin Azərbaycanda həm də Prezident seçkiləri ili kimi əlamətdar olduğunu vurğulayan çıxışçılar ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi işləri yüksək qiymətləndirən qədirbilən Azərbaycan xalqı seçkilərdə bir daha cənab İlham Əliyevə səs verəcəklərinə əminliyini ifadə ediblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB