“Laçını unutmadıq”

Bu gün "XXI Əsrin Qadınları" İctimai Birliyi tariximizi tanıyaq və tanıdaq istiqamətində keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi olan "Laçını unutmadıq" mövzusunda tədbir keçirib. SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Mahirə Əmirhüseynova rayonun işğal tarixindən danışıb. O qeyd edib ki, Laçın rayonu 1924-cü ildə təsis edilib: "Rayonun yaranma tarixi 8 avqust 1930-cu ildir. Laçın rayonunda 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı), 123 kənd var. Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olub ki, 1992-ci ilin mayın 18-dən Ermənistanın işğalı altındadır. BMT-nin işğalla bağlı məlum qətnaməsinə baxmayaraq, dünya ictimaiyyəti Laçının işğalına 21 ildir ki biganə yanaşır, Azərbaycanın haqq səsinə lazımi dəstəyi göstərmir".

Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə Laçın rayonunun işğalından və dövlətimizə dəyən maddi, mənəvi zərərdən söz açaraq erməni işğalı nəticəsində bir milyondan artıq vətəndaşımızın hüquqlarının pozulduğunu xüsusi vurğulayıb.

Qeyd edək ki, tədbirdə həmçinin Nazirlər Kabinetinin nümayəndəsi Cəlil Hacıyev, millət vəkillərindən Sevinc Hüseynova, Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Cabbarlı, Laçın ziyalıları, QHT rəhbərləri Rafael Becanov, Mehriban Zeynalova, Çingiz Bayramov, İradə Əliyeva, İrada Yaqubova və digər ictimaiyyət nümayəndələri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə