“Qarabağ münaqişəsi beynəlxalq müstəvidə”

“Qarabağ münaqişəsi beynəlxalq müstəvidə”

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) Baş Ofisində siyasi elmlər doktoru, siyasi ekspert Elman Nəsirlinin sədrliyi ilə "Qarabağ münaqişəsi beynəlxalq müstəvidə" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, YAP GB-nin üzvlərinin iştirak etdiyi seminarda çıxış edən siyasi ekspert bildirib ki, artıq əsrin ¼ qədər olan bir müddətdə Dağlıq Qarabağ problemi davam edir. Elman Nəsirlinin sözlərinə görə, Azərbaycanın mövqeyi çox ədalətlidir və haqlı olaraq öz ərazi bütövlüyünün təmin olunmasını tələb edir: "Azərbaycanın mövqeyi xalqların öz müqəddaratını təyin etməsidir. Lakin bu təyin etmə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşmalıdır. Belə olan təqdirdə Azərbaycan da Dağlıq Qarabağda muxtariyyətinin elan olunmasına razılıq nümayiş etdirəcək".

Bir müddət öncə Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən danışıqların dalana dirəndiyini deyən siyasi ekspert bildirib ki, artıq bu danışıqlar tamamilə kəsilib: "İndi Azərbaycanla Ermənistan tərəfi arasında keçirilən görüşlər yalnız danışıqların yenidən başlanmasına xidmət edir. Çünki hər iki ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi son görüşdən sonra heç bir nəticə əldə olunmadı. Bu isə göstərir ki, artıq danışıqlar prosesi tamamilə kəsilib".

Elman Nəsirli qeyd edib ki, hazırda qondarma "Dağlıq Qarabağ Respublikası"nın separatçı rəsmilərinin qarşısına qoyduqları yeganə məqsəd bu "respublika"nın varlığını dünya birliyinə qəbul etdirməkdir.

Tədbir seminar iştirakçılarının Dağlıq Qarabağ probleminin həlli istiqamətində səsləndirdiyi sualların cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə