“Laçını unutmayaq!”

Bu gün Atatürk Mərkəzində "XXI Əsrin Qadınları" İctimai Birliyi Laçının işğal olunmasının 21-ci ildönümü ilə bağlı "Laçını unutmayaq!" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Nazirlər Kabinetinin nümayəndəsi Cəlil Hacıyev, millət vəkili Çingiz Qənizadə, Laçın rayon İcra hakimiyyətinin nümayəndələri, QHT rəhbərləri, Laçın ziyalıları və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Laçın rayonunun işğal tarixi barəsində məlumat verib. Bildirib ki, erməni təcavüzkarlarının rayonu işğal etməsi nəticəsində 200-ə yaxın tarixi, mədəni və memarlıq abidələri, onlarla kurqan, süjetli daşlar məhv edilib. Bir çox yeraltı və yer üstü təbii sərvətlər isə Azərbaycanın icazəsi olmadan istismar olunur.

Laçın rayonunun işğalından və dövlətə dəyən maddi və mənəvi zərərdən söz açan Çingiz Qənizadə bildirib ki, erməni işğalı nəticəsində bir milyondan artıq vətəndaşın hüquqları pozulub: "Laçından kənarda Laçını görməyən uşaqlar böyüyür. Rayonda doğulanlar, Laçın haqda təsəvvürü olanlar isə yaşlaşıb, bir qismi də yurdsuzluq dərdinə dözməyib dünyasını dəyişib. BMT-nin işğalla bağlı qətnaməsinə baxmayaraq, dünya ictimaiyyəti Laçın rayonunun işğalına 21 ildir ki, biganə yanaşır, Azərbaycanın haqq səsinə lazımi dəstəyi göstərmir".

Daha sonra tədbirdə çıxış edən digər iştirakçılar da ermənilərin həyata keçirdikləri çirkin əməlləri kəskin şəkildə tənqid ediblər. Bildiriblər ki, Laçının və digər işğal olunmuş rayonların tezliklə prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində geri qaytarılacağına əmindirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə