İcra başçısı Ağ körpü sakinləri ilə görüşüb FOTO

İcra başçısı Ağ körpü sakinləri ilə görüşüb FOTO

Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan Ağ körpü kəndi rayon mərkəzindən 28 km aralıda yerləşir. Zəngin və səfalı təbiəti, təmiz havası, sərin sulu bulaqları olan bu kənd turizmin inkişafı üçün də əlverişlidir. Dağlıq ərazidə yerləşən kənddə 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 1 tibb məntəqəsi əhaliyə xidmət göstərir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə növbəti səyyar qəbul-görüşü burada baş tutub.

Görüşdə Ağ körpü kənd tam orta məktəbin direktoru Dünyamalı Zülfüqarov, müəllim Balakişi Rəhmanov, Nəbi Xalıqov, kənd sakinlərindən Vaqif Zülfüqarov, Fəzlədin Bağırov və başqaları çıxış edərək cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında müntəzəm olaraq əhali ilə görüşən İcra başçısına, Ölkə prezidentinə hörmət və ehtiramlarını ifadə ediblər.

Çıxış edənlər mövcud problemlər barədə söhbət açaraq Pəlikəş-Ojakəran yolunun əsaslı təmiri, elektrik xətləri və dirəklərinin dəyişdirilməsi, Pəlikəş tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikintisi, Hirkan Milli parkın ərazisində yerləşən Ağ körpü kəndinin evlərinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə arzu və təkliflərini bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev dağlar qoynunda əhali ilə görüşdən məmnun qaldığını bildirərək qeyd edib ki, söylənən təkliflər, sadlanan problemlər barədə qeydlər aparılıb. Bunların həlli üçün müvafiq tapşırıqlar veriləcək. Xüsusən də yolun daha rahat və abad olması üçün daha çox iş görülməlidir. Bunu nəzərə alaraq bu yaxınlarda yolun yenidən əsaslı təmirinə başlanacaqdır. Digər problemlər də hissə-hissə həllini tapacaq.

İcra başçısı daha sonra bildirib ki, ölkəmizin iqtisadi qüdrəti gündən-günə artır. Bu gün bütün sahələrdə sürətli inkişaf və irəliləyiş var. Elə bu ucqar dağ kəndində müasir tipli, hər növ avadanlıqlarla təchiz olunmuş məktəb binasının tikintisi də ölkəmizin yüksək iqtisadi imkanlarına bir nümunədir. Bu inkişafın, bu tərəqqinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilir. Bundan sonra da ölkəmizin çiçəklənməsi, insanlarımızın azad, firavan yaşaması üçün bütün işlər görüləcəkdir.

İcra başçısı Q.Ağayev Ağ körpü kənd tam orta məktəbində təlim-tərbiyənin vəziyyəti ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə