Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri, general-mayor Fikrət Seyfulla oğlu Məmmədovun vəfatının 11 illiyi ilə əlaqədar onun Lənkəran şəhərindəki evi qarşısında anma mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yerli ictimaiyyətin, məktəblilərin, hərbçinin dostlarının, toplaşdığı mərasimdə F.Məmmədovun ömür yoluna ışıq salınıb.
Bildirilib ki, 1961-ci ildə Lənkəranda dünyaya göz açan Fikrət Məmmədov indiki şəhər 4 nömrəlilı hümanitar təmayüllü məktəb-liseyi bitirib. Sonra 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.
1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı tağım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən F.Məmmədov təhsilini daha sonra Moskvada Frunze adına Hərbi Akademiyada davam etdirib. 1993-cü ildən müstəqil Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb. N saylı briqadada qərargah rəisi vəzifəsində çalışıb. Az sonra o, briqada komandiri təyin olunub. 1995-ci ildə F.Məmmədov artıq Birinci Ordu Korpusunun qərargah rəisi, 1998-ci ilin mayında isə general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. "Qırmızı Uldiz", "Azərbaycan Bayrağı" və digər döyüş orden və medalları ilə təltif olunan Fikrət Məmmədov 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında faciəli şəkildə həlak olub.
Lənkəranda şəhərin mərkəzi küçələrindən birinə general Fikrət Məmmədovun adı verilib. Oxuduğu şəhər 4- nömrəli hümanitar təmayüllü məktəb-lisey foyesində sərkərdənin tunc büstü ucaldılıb, doğulduğu evə isə xatirə lövhəsi vurulub.
Mərasimdə şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB