Şəmkir rayonunda 6-cı kitab bayramı keçirilib

Şəmkir rayonunda 6-cı kitab bayramı keçirilib

Şəmkir rayon İcra Hakimiyyəti,YAP Şəmkir rayon təşkilatı və Mərkəzləşdirilmiş Kitabxana sistemi Şəmkir rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-illik yubleyi münasibəti ilə Ümumrespublika 6-cı kitab bayramı Şəmkir rayonunda keçirilib.

Tədbir Şəmkir rayonunda yerləşən İstiqlal parkında açıq səma altında keçirilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə, Mədəniyyət və Humanitar məsələlər üzrə müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Qüdrət Əliyev, Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov rayon sakinləri, oxucular, məktəblilər, uşaq baxçasının körpələri iştirak ediblər..

Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana sistemi Şəmkir rayon şöbəsinin direktoru Sahibə Əmiraslanova bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə, Mədəniyyət və Humanitar məsələlər üzrə müavini YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub. Ümummilli lider azərbaycançılıq ideologiyasında vahid millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Ümummilli liderin siyasi kursu bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra çıxış edən Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Qüdrət Əliyev Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin daim qorunması, mədəniyyətimizin hər zaman inkişafı üçün hələ 1969-1982-ci illərdə Azərbaycanın birinci dəfə rəhbəri olan zaman gördüyü işləri yüksək qiymətləndirərək, tədbir iştirakçılarına həmişə Ulu öndərdən örnək götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə edib.

Q.Əliyev eyni zamanda qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ölkəmizi o dövrdə baş verə biləcək fəlakətdən xilas etdi və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayıb. Q.Əliyev bildirib ki, Ümummilli lider xalqımızın tarixində əvəzolunmaz şəxsiyyət olaraq çox böyük rol oynayıb və onun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Sonda çıxış edənlər Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov, Şəmkir şəhər 8-saylı uşaq baxçasının direktoru Validə Şükürova Ömrünü millətinə və Vətəninə həsr etmiş Ümummilli lider Heydər Əliyevin bütün işlərində millətinə arxalandığı və Azərbaycan xalqının hər zaman ona dayaq olduğu, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyi tarixində daimi yer aldığı və silinməz iz buraxdığı qeyd ediblər.

Sonra rayon rəhbərliyi tərəfindən kitab sərgisinə baxış keçirilib.

Daha sonra rayon məktəblilərinin, müsiqiçilərinin çıxışı ilə tədbir davam etdirildi.

Yekunda bir qrup oxuculara və məktəblilərə YAP Şəmkir rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə