"Gələn il Azərbaycanda sosial əlil olan gənclərin festivalı keçiriləcək". Bunu SİA-ya Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib. AGAT sədrinin sözlərinə görə, festivalın keçirilməsi ilə bağlı qərar Fransanın Strasburq şəhərində 14 ölkənin iştirakı ilə keçirilən tədbirdə verilib: "Aprel ayı ərzində bir neçə xarici ölkəyə səfərimiz baş tutub. Onlardan ən əhəmiyyətlisi Fransanın Strasburq şəhərinə səfərimiz olub. Belə ki, AGAT-ın da üzv olduğu şəbəkənin Fransada keçirilən tədbirində 14 ölkənin nümayəndəsi iştirak edib. Konfransın mövzusu sosial əlillərin cəmiyyətə inteqrasiyası olub. Konfransda tərəfimizdən Cənubi Qafqazda bu istiqamətdə görülən işlər və Azərbaycanın bu sahədə təcrübəsi, sərəncamlar, dövlət proqramları, Heydər Əliyev Fondu tərəfindən görülən işlər və digər məsələlər barədə geniş təqdimat həyata keçirilib. Konfransda AGAT tərəfindən sosial əlil olan gənclərin festivalı keçirilməsi ilə bağlı təklif səsləndirildi. 10 gün davam edən müzakirələrdən sonra qərara alındı ki, Azərbaycanda sosial əlillərdən ibarət bir çox ölkələrin iştirakı ilə festival keçirilsin, festivalda əlil rəssamlar, yaradıcı şəxslər və digər istedada sahib olan, amma sosial əlil olan şəxslər iştirak etsin".
G.Səfərova vurğulayıb ki, artıq bir çox Avropa və Cənubi Qafqaz ölkələri bu festivalın Azərbaycanda keçirilməsinə müsbət rəy veriblər: "Hətta Fransadan olan təşkilat festivalın keçirilməsində AGAT-a yardımçı olacağına söz verib".
AGAT sədri qeyd edib ki, konfransda Gürcüstan və Ermənistanı təmsil edən təşkilatlar da iştirak edib: "Tədbirdə bir çox sahələri əhatə edən geniş müzakirələr aparıldı. Tərəfimdən Azərbaycanda görülən işlər, sosial əlillərin vəziyyəti, bu sahədə dövlət proqramları barədə məlumat verdim. Bu istiqamətdə olan dövlət proqramlarını xüsusilə vurğuladım. Müzakirələr nəticəsində məlum oldu ki, Azərbaycanın bu sahədə təcrübəsi digər Qafqaz ölkələrindən daha çoxdur və irəlidədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB