Millət vəkilləri Cinayət Məcəlləsinə düzəliş barədə nə düşünür? SORĞU

Millət vəkilləri Cinayət Məcəlləsinə düzəliş barədə nə düşünür? SORĞU

"Bu qanunun əleyhinə səs verdiyimə görə, bunu lüzumsuz dəyişiklik hesab edirəm. Məncə, KİV-ə aid olan məsələləri internetə də aid etmək olar. Bunun mənbəyini tapmaq özü ciddi problemdir. Bu o deməkdir ki, hamının kompüteri nəzarətə götürüləcək. Bu da insan haqları prinsiplərinin pozulmasına gətirib çıxaracaq". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Cinayət Məcəlləsinə internetlə bağlı düzəlişə münasibət bildirərkən deyib.

O, Milli Məclisdə Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalara internet məkanının da əlavə edilməsini məqbul bilmir: "Təhqir varsa, xarici ölkədən yazan birini necə məsuliyyətə cəlb etmək olar? Fakt odur ki, bir çoxları internetdə başqa adlardan istifadə edir. Bu da nəzarət sisteminin formalaşmasına zəmin yaradır. Ona görə də bu yolverilməzdir".

" "Diffamasiya haqqında" Qanunun qəbul olunması müəyyən narazılıqlara səbəb ola bilər. Çünki qanunda təhqir və böhtana görə cinayət məsuliyyəti var. Bunun əleyhinə hansısa arqumentlər səsləndirmək olar, lakin internet məkanına bu qədər müdaxilə etmək yanlışdır. Çünki burada media peşəkarlığından söhbət gedir. Ancaq internetdə peşəkarlıqdan söhbət gedə bilməz. Onlar peşə etikası barədə hər hansı bir öhdəlikləri olmayan vəziyyətdədirlər. Ona görə də onlara peşəkarlara tətbiq olunan qaydaların tətbiq olunması yanlışdır",- deyə millət vəkili fikirlərinə əlavə edib.

Fazil Mustafa həmçinin qeyd edib ki, istənilən dövlət məmurunun jurnalisti təhqir etməsi yolverilməzdir: "Başqa ölkələrdə belə hallar olduqda dövlət məmurları cəzalandırılır. Bizdə isə onları daha da irəli çəkilirlər".

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə həmkarının fikirlərinin əksini düşünür. Onun sözlərinə görə, bu dəyişikliyin olması vacibdir.

Ç. Qənizadə bildirib ki, internet resurslarından istifadə etməklə insanların şərəf və ləyaqətlərinin təhqir olunması hüquq mühafizə orqanlarında müəyyən əməlin aşkar olunmasında problem yaradırdı: "Qanundakı müddəalardan birində göstərilir ki, bu cür kütləvi yayım halları olduqda cinayət məcəlləsinin 147 və 148-ci maddələrinə görə təhqir və böhtana görə cinayət işi açılacaq. Bu, cəmiyyətin bütün təbəqələrinə aiddir. Qanuna əlavə olunan bu dəyişikliklər bizə əsas verəcək ki, insanın şərəf və ləyaqətinin qorunması üçün hüquq mühafizə orqanlarının əlində kifayət qədər hüquqi baza olsun. Eyni zamanda, Azərbaycan respublikasının konstitusiyasına uyğun olaraq vətəndaşların şəxsi həyatına müdaxilə və şantaj edən, onları cəmiyyətdə nüfuzdan salmaq üçün bu metoddan istifadə edənlər artıq cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunacaqlar. Bu, əslində insanların hüquq və azadlıqlarının qorunmasının təminatı məsələsində çox önəmli addımdır".

Qeyd edək ki, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində "və ya kütləvi informasiya vasitəsində" sözləri, "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilib. Beləliklə, həmin maddələrdə nəzərdə tutulan cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunacaq. CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə