Mayın 15-də Lənkəranda "Azərbaycan" qəzeti Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə "Milli Qurtuluş – 20: Regionların sosial-iqtisadi yüksəlişi" mövzusunda dəyirmi masa təşkil edib. Əvvəlcə dəyirmi masanın iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin əzəmətli abidəsi önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov giriş sözü ilə açaraq bildirib ki, 2013-cü il tarixi yubileylərlə zəngin bir ildir. Bir neçə gün bundan əvvəl Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi respublikamızın hər yerində təntənə ilə qeyd edilib. "Azərbaycan" qəzetinin növbəti layihələrindən biri olan Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş dəyirmi masaya Lənkəran rayonunda start verilir. Natiq daha sonra 20 il bundan əvvəl Azərbaycanda hər addımda baş verən xaos, hərc-mərclik, anarxiya və özbaşınalıqları yada salıb.
Qeyd edib ki,iqtisadiyyat, demək olar ki, dağıdılmışdı. Azərbaycan blokadaya salınmışdı. Məhz belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkə tədricən dirçəlməyə başlayıb, ictimai-siyasi vəziyyət yaxşılığa doğru dəyişib. Ötən 20 il ərzində əsrlərə bərabər işlər görülüb, ölkəmiz inkişaf edərək, beynəlxalq aləmdə tanınmağa başlanıb,
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun "Heydər Əliyevin müəllifi olduğu inkişaf prosesində Lənkəran mühüm yer tutur" mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin dirçəlişi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb. Milli Qurtuluşa qədərki dövrədək – ötən əsrin 70-80-ci illərində Lənkəranın iqtisadiyyatı böhrandan qurtuldu, rayonumuz iqtisadi və mədəni mərkəzə çevrilib. Müstəqillik dövründə Ümummilli Liderin Lənkərana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində yeni tipli iqtisadiyyat Lənkəranın həyatında əsas amil olub. İqtisadiyyatın inkişafına güclü dövlət dəstəyi, uğurla həyata keçirilən islahatlar öz bəhrəsini verməyə başlayıb.
İcra başçısı daha sonra 1993-cü ilin avqust hadisələrindən, Ümummilli Liderimizin lənkəranlılara etdiyi müraciətdən sonra hamının yumruq kimi birləşərək Ə.Hümmətovun quldur dəstələrini darmadağın edərək ərazi bütövlüyümüzün və dövlətçiliyimizin qorunmasından, 15 – iyun 1993-cü ilin Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmasından, əsrlər, qərinələr keçsə də Azərbaycan xalqının bu tarixi günü heç vaxt unutmayacağından, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasi kursu yeni müstəvidə inkişaf etdirməsindən, dövlət başçımızın Lənkərana ötən ilki tarixi səfərindən, Lənkəranın sosial-iqtisadi inkişafının daha sürətləndirilməsi haqqında ötən il imzalanmış 4 Sərəncamının uğurla həyata keçirilməsindən, rayonda yeni infrastruktur layihələrin icrasından və s. məsələlərdən ətraflı bəhs edib.
Taleh Qaraşov sonda bütün bu və digər uğurların bünövrəsinin 15 iyun 1993-cü ildə - Milli Qurtuluş Günündən sonra əsasının qoyulduğunu söyləyib.
Məruzə ətrafında "Vilvan" çayçılıq kəndli-fermer təsərrüfatının rəhbəri İlyas Əliyev, YAP Lənkəran şəhər təşkilatı Qadınlar Şurasının sədri, Osman Mirzəyev adına Uşaq evinin direktoru Ofelya Cəfərova, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və Lənkəran Dövlət Universiteti Tələbə-gənclər təşkilatının sədri Uğur Qurbanzadə çıxış ediblər.
Dəyirmi masanın yekununda Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov 15 iyun 1993-cü il Milli Qurtuluş Gününün xalqımızın həyatında oynadığı mühüm rolu bir daha diqqətə çatdırıb, Ulu Öndərimizin Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında müstəsna xidmətlərini qeyd edib, "Azərbaycan" qəzetinin kollektivinə bu xeyrixah missiyaya görə minnətdarlığını bildirib.
Dəyirmi masanı yekunlaşdıran "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yüksək təşkilatçılığa və tədbirdə iştirakına görə İcra başçısı Taleh Qaraşova və dəyirmi masa iştirakçılarına təşəkkür edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB