Baş katib Qazaxıstana gedir

TÜRKPA Baş Katibi Ramil Həsənov 15-16 may 2013-cü il tarixində Qazaxıstan Respublikasında rəsmi səfərdə olacaq. Qurumdan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Baş katibin Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Məclisin Müdafiə, Beynəlxalq Əlaqələr və Təhlükəsizlik Komitəsinin sədri Maulen Aşimbayev və Qazaxıstan Xarici İşlər nazirinin müavini Kayrat Sarıbayla görüşləri nəzərdə tutulub.

Görüşlərdə TÜRKPA-Qazaxıstan əlaqələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, daimi komissiyaların iclasları və onların qəbul etdiyi qərarlar, həmçinin TÜRKPA-nın iyun ayında Ankarada keçirilməsi nəzərdə tutulan IV Plenar Sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə müzakirələr aparılması planlaşdırılır.

Səfərdə TÜRKPA Baş katibini, baş katibin müavini Mels Semgaliyev və TÜRKPA-nın təşkilati və administrativ işlər departamentinin müdiri Ələsgər Ağayev müşayiət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə