"Tarixi günlərdə Xiyaban və əbədi məşəl önündə fəxri qarovul dayanmalıdır"
"Dünən Milli Məclisin növbəti plenar iclasında da Şəhidlər Xiyabanı ilə bağlı bir neçə təklifi gündəmə gətirdim. Söhbət ilk növbədə şəhid insanlarımıza verilən dövlət qiymətindən və əlavə tədbirlərdən gedir. Şəhidlər Xiyabanının milli həyatımızda və müstəqillik tariximizdəki yeri müqəddəs bir mənaya malikdir. Çünki ən azı 3 fərqli ideoloji dövrün qurbanları orda uyumaqdadır". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, Şəhidlər Xiyabanını ziyarətlə bağlı protokol sistemimiz yuxarıda qeyd edilən gerçəkliyi nəzərə almalıdır: "Reallıq ondan ibarədir ki, əksər xarici qonaqlar və dövlət rəsmiləri rəsmi ziyarətlərini həyata keçirərkən yalnız 20 Yanvar şəhidlərinin cərgəsinə baş çəkir, onların qəbri önünə gül dəstələri qoyurlar. Halbuki, Qarabağ, cümhuriyyət və türk əsgərinin şərəfinə ucaldılmış abidə də bu ehtiram və sayğıya layiq görülməli, diqqətdən kənar tutulmamalıdır. Digər tərəfdən, şəhidlərimizin uca adını nəzərə alaraq mühüm tarixi günlərdə Xiyaban və əbədi məşəl önündə fəxri qarovul, Azərbaycan əsgəri vətənin keçmişinə və mübariz döyüşçülərinə şərəf duruşunda dayanmalıdır".
"Bu təkcə dünənə münasibət yox, eyni zamanda, gələcək insanımıza mənəvi təsir vasitəsidir. Dünyada formalaşan mühüm ənənələrdən biri də belə kütləvi məkanlarda və tarixi abidələrdə bələdçilik xidmətinin həyata keçirilməsidir. Çünki yalnız ümumi fonda hər kəsin bilgilərinə və izahına yer verməklə biz Azərbaycanın keçdiyi yolu, işğaldan keçən və azadlığa aparan mübarizəsini dünyaya təqdim edə bilmərik. İstər canlı, istərsə də xüsusi cihazlar, həmçinin, bir neçə dildə yazılmış proqramlar və lövhələr vasitəsilə Şəhidlər Xiyabanının həqiqi mahiyyəti insanlara açıqlana bilər. Təkliflərin hamımız tərəfindən müdafiəsi həyatlarını bu ölkəyə vermiş oğullarımıza hörmətlə yanaşı, bizim xəlqi kimliyimizi və milli pasportumuzu bir daha təsdiq edərdi. Onlar canlarını verib bir qarış vətən torpağını artırıblar, bizsə şəhid ruhlarını bu millət üstündəki əbədi məşələ çevirməyi bacarmalıyıq!",- deyə millət vəkili fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB