Kərim Kərimov: "Prezident İlham Əliyev son 9 ildə 284 dəfə regionlara səfər edib"
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının IX konfransı keçirilib.
SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov konfransın əlamətdar bir dövrdə-ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin Azərbaycan xalqı tərəfindən böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirildiyini diqqətə çatdıraraq bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.
Konfransda YAP Siyasi Şurasının üzvü, partiyanın icra katibinin müşaviri Kərim Kərimov çıxış edərək ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın Azərbaycan xalqı və Vətən qarşısında xidmətlərindən danışmış, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin bütün regionlarında, o cümlədən Astarada böyük inkişafa nail olunduğunu bildirmişdir.
K.Kərimov qeyd etmişdir ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi son 9 ildə 284 dəfə regionlara səfər etmiş, müxtəlif şəhər və rayonlarda 860-dan artıq tədbirdə, o cümlədən 650 respublika əhəmiyyətli sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir.
Bildirilmişdir ki, sovetlər dönəmində Azərbaycana rəhbərlik etmiş rəhbərlərin heç biri respublikanın dağ rayonlarına ayaq basmadıqları halda, Prezident İlham Əliyev dəfələrlə dağ rayonları olan Lerik, Yardımlı, Xızı və Gədəbəy və digər dağlıq rayonlara səfər etmiş, həmin bölgələrdə həyata keçirilən sosial layihələrin açılışında iştirak etmişdir.
Milli Məclisin deputatı Aslan Cəfərov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışmış, qarşıdan gələn prezident seçkilərində astaralıların İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliklərini ifadə etmişlər.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB