“Milli şüur və intellektual cəmiyyət milli gücü təmin edən vasitə kimi”

“Milli şüur və intellektual cəmiyyət milli gücü təmin edən vasitə kimi”

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) Baş Ofisində "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər namizədi Hikmət Babaoğlunun sədrliyi ilə "Milli şüur və intellektual cəmiyyət milli gücü təmin edən vasitə kimi" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, YAP GB-nin üzvlərinin iştirak etdiyi seminarda çıxış edən Hikmət Babaoğlu bildirib ki, bu gün millət, dövlət və siyasət tezislərinin hər biri Azərbaycan cəmiyyətində mövcuddur və bu mövcudluqla əlaqədar Azərbaycanın müasir beynəxalq arenada özünəməxsus yeri var: "1993-cü ilə qədər Azərbaycan cəmiyyətində dəyərlərin ədalətli bölgüsu yox idi. Bir qrup radikal milliyətçi hesab edirdi ki, cəmiyyətdə aparıcı dəyər radikalizm olmalıdır. Bu isə Azərbaycanı parçalanmaya aparan əsas amillərdən biri idi. Başqa bir qrup hesab edirdi ki, cəmiyyətdə formalaşacaq elita onun ətrafındakılar olmalıdır. Digər bir qrup isə hesab edirdi ki, güc onun özüdür, yəni bu qrup gücü instisional vasitə kimi yox, şəxsi vasitə kimi qiymətləndirirdi. Həmin illərdə cəmiyyətin etibar edəcəyi və dəyərlərin ədalətli bölgüsünü həyata keçirəcək siyasi nüfuz mövcud deyildi. Məhz Azərbaycan cəmiyyəti Dahi Şəxsiyyət Heydər Əliyevə etibar edərək cəmiyyətdə maddi və mənəvi dəyərlərin bölüşdürülməsinə nail oldu və nəticədə ədalətli bir sistem quruldu. Azərbaycanın bir dövlət kimi 20 illik zaman kəsiyində öz ayaqları üstə dura bilməsi, məhz həmin ədalətli sistemin göstəricisidir".

Baş redaktor qeyd edib ki, Azərbaycan 1993-cü ilə qədər Rusiyanın beynəlxalq münasibətlər sferasında milli aktor kimi fəaliyyət göstərməyə başladı: "İlkin mərhələdə biz onu formal aktor kimi səciyyələndirə bilərik, çünki Azərbaycan o dövrdə müstəqil qərarlar qəbul edə bilmirdi. Sonrakı mərhələdə, yəni 1993-cü ildən sonra Azərbaycan sözün həqiqi mənasında beynəlxalq münasibətlərin qeyri-formal aktoru kimi mövcud sistemdə özünəməxsus yer tutmağı bacardı və həmin proses indi də davam edir. Bu gün Azərbaycanda hakim iradə milli siyasi, yəni xalq iradəsidirsə, o zaman Ermənistanda hakim iradə hegemon güc mərkəzlərindən birinin iradəsidir. Belə nəticəyə gəlmək olar ki, Ermənistan dövləti formal dövlətdir, orada hakim milli siyasi iradə yoxdur, bu iradə şimaldan gəlir. Bu gün Azərbaycanın qeyri-formal aktor kimi beynəlxalq münasibətlərdə qüdrətlənməsi və inkişaf etməsi məhz Yeni Azərbaycan Partiyasının qurucusu olan Ulu Öndər Heydər Əliyevin xidmətləridir. Ümummilli liderin müəyyənləşdirdiyi xarici siyasət strategiyasının əsasında ölkəmiz bu səviyyəyə çatıb və hazırda mövcud strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra seminar gənclərin diqqətini cəlb edən mövzular ətrafında fikir mübadisi ilə davam edib. Sonda seminarda fəal iştirak edən gənclərə Hikmət Babaoğlunun "Siyasi təhlil və proqnozlaşdırma" kitabı hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə