İnternetdə böhtan və təhqirə görə cəzalar sərtləşdirilib. SİA-nın məlumatına görə, parlamentin bugünkü iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. Dəyişikliklər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, mətbuatda təhqir və böhtana görə məsuliyyət nəzərdə tutulursa, internetdə təhqir və böhtan da bu maddənin təsiri altına düşməlidir: "Bizi günahlandırırlar ki, Diffomasiya haqqında qanun layihəsi aktual olduğu halda niyə bu dəyişikliklər müzakirəyə çıxarılır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi heç vaxt Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin ləğvinin tərəfdarı olmayıb".
Əli Hüseynli onu da qeyd edib ki, hazırda inzibati həbsin müddəti 15 gündür və indi təklif olunur ki, bu müddət 3 aya qədər uzadılsın: "Bizim İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsələlərin bir çoxu Qərb ölkələrində Cinayət Məcəlləsində öz əksini tapıb. Bu baxımdan inzibati həbsin 3 aya qədər artırılması məntiqlidir. Bu, həm də humanist addımdır, çünki cinayət məsuliyyəti nəzərdə tutulmur. İnzibati xətalar sırasında avtoxuliqanlıq, döymə, polis işçisinə tabe olmamaq da var".
Qüdrət Həsənquliyev polis işçisinə tabe olmamağa görə inzibati həbsin 15 gündən 1 aya qədər artırılmasının əleyhinə çıxıb. Onun sözlərinə görə, 15 gün də kifayət qədər yetərli müddətdir. O, icazəsiz aksiyalara görə də inzibati həbsin müddətinin artırılmasının düzgün olmaldığını vurğulyaıb: "Cərimə ödəyə bilməyəndə də 2 aya qədər həbs nəzərdə tutulur. Hanıssa universitetin tələbəsi icazəsiz aksiyaya qatılıb, cəriməni ödəyə bilmədiyi üçün 2 ay həbs edilməsi düzgün deyil. Avropaya inteqrasiya edən ölkənin qanunvericiliyinə belə dəyişiklik edilməsi düzgün deyil".
Vitse-prezident Ziyafət Əsgərov deyib ki, bir çox insanda belə təəssürat var ki, diffomasiyaya görə təhqir və böhtan aradan götürülməlidir: "Bu, yanlışdır. Əks halda gəlin təhqir və böhtana görə maddələri Cinayət Məcəlləsindən götürək, məsələ bitsin. Avropa ölkələrininy alnız 3-də diffomasyia haqqında qanun qəbul edilib. 27 Avropa ölkəsinin 10-u bunu qəbul etsin, 11-ci biz olaq. Diffamasiya haqqında qanunun qəbulu Avropa Şurası qarşısında bizim öhdəliyimiz deyil. Sadəcə, bunu bizə məsləhət görüblər. Mən şəxsən hesab edirəm ki, Azərbaycan mühiti buna hazır deyil. Şəxsən Qüdrət bəy, siz əvə mənə qarşı ağır təhqir olanda, həmin şəxsin cəzalandırılmasını istəyəcəyik. Başqasına gəldikdə, deməliyik ki, diffomasiya qəbul edilsin. Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir, bizim üçün əhəmiyyət kəsb etmir. Bayaq İqbal Ağazadə kiminsə uşaqların şəkillərinin dərci ilə bağıl çox əsəbi danışdı, haqlı idi. İnsan özü təhqirə, böhtana məruz qalanda diffomasiya yada düşmür. Bu qanunu bizə sırımaq istəyənlər bizə nümunə göstərsinlər".
Millət vəkili Sahib Alıyev deyib ki, bəzən bu addımlar internetin bağlanması, söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir. Sahib Alıyev bu addımların inkişaf etmiş ölkələrdə çoxdan qəbul edildiyini söyləyib. Onun sözlərinə görə, ABŞ-da mətbuatda böhtan və təhqirlə bağlı 10 ilə qədər azadlıqdan məhrumetmə, 250 min dollar cərimə nəzərdə tutulub: "İnternetin yaranması ilə qəzetlərə olan diqqət 4 dəfə azalıb. Artıq internetin gücü televiziyanı da qabaqlayır. Ola bilməz ki, qəzetdə təhqir və böhtana görə cərimə nəzərdə tutulsun, ancaq internetdə bu nəzərdə tutulmasın. Bu qanunun qəbulundan sonra məsuliyyət məsələsi ortaya çıxacaq. İndi audiovizual vasitələr o qədər inkişaf edib ki, istənilən şəxs başqa şəxs barədə montaj edilmiş material hazırlaya və internetə qoya bilər. Biz bu addımları atmaqla bağlı hətta gecikmişik".
Millət vəkili Çingiz Qənizadə isə xatırladıb ki, Gürcüstanda daxili işlər nazirinin müavini jurnalist haqqında materialı qanunsuz internetdə yerləşdirdiyi üçün həbs olunub: "Azərbaycanda bir çoxları bunu təqdir edir və nümunə götürməyə çağırır. Bəs jurnalist böhtan və təhqirə yol verəndə cəzalandırılacaqsa, niyə buna qarşı çıxmalıyıq? Bu məsələni siyasiləşdirmək düzgün deyil, dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir".
Zahid Oruc bildirib ki, internetdə bəzi həmkarlarının ünvanına elə sözlər işlədilir ki, təhqirdən də o yana keçir: "Bütün canlılarla silahlanıb internet-forumlarda fəal olanlar var. Mən də sosial şəbəkələrdə kifayət qədər fəalam. Mövqeyini sərbəst şəkildə ortaya qoy, niyə təhqirə yol verirsən?! Bu gün İranın adı çox çəkildi, bir dəfə də müsbət mənada adını çəkim. İranın ali dini liderinin "Facebook"da səhifəsi var, sosial şəbəkə üzərindən insanlarla əlaqə qurur. Prezident İlham Əliyevin də sosial şəbəkədə səhifəsi var".
Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun xəbərdaredici xarakter daşıyır: "Bu, bəzi insanlarımızı mədəniyyətə, tərbiyəyə dəvət edən qanundur. Təhqir edilən, karikaturaları çəkilənlər bizim insanlarımız deyil? Bəzi jurnalistləri, sosial şəbəkələrdən istifadə edənləri mədəniyyətə dəvət edirəm".
Dəyişikliyə əsasən, CM-in 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində "və ya kütləvi informasiya vasitəsində" sözləri, "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilib. Beləliklə, həmin maddələrdə nəzərdə tutulan cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunacaq.
Qeyd edək ki, CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB