Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynovun rəhbərlik etdiyi Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti İsveçrə Xarici İşlər Nazirliyinin dəvəti ilə İsveçrənin Sürix, Bern və Friburq şəhərlərinə təşkil olunmuş tədris turunda (study tour) iştirak edib. Tədbir İsveçrə Konfederasiyasının Avropa Şurasına daxil olmasının 50 illik yubleyi münasibəti ilə təşkil olunub. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, tədbirin məqsədi Avropa Şurasının təcrübəli üzvləri ilə yeni üzv olan ölkələr arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Səfər zamanı ARGTMŞ-nın baş katibi İsveçrə Konfederasiyasının vitse-prezidenti və xarici işlər naziri Didye Burkalter və Avropa Şurasının baş katibi Torbyorn Yanqland, İsveçrənin deputatları və bir sıra dövlət rəsmiləri ilə görüşlərdə iştirak edib.
Səfər çərçivəsində Seymur Hüseynov İsveçrə Milli Şurasının nümayəndələri ilə də görüşüb, onlara Azərbaycanda aparılan Gənclər Siyasəti, gənclər üçün yaradılan yeni imkanlar haqqında məlumat verib. Görüş zamanı hər iki ölkənin gəncləri arasında əməkdaşlığın gücləndirilməsi məsələsinə də toxunulub və bu sahədə qarşılıqlı səfərlərin həyata keçirilməsi planlaşdırılıb. Görüşün sonunda Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü olan hər iki tərəf, Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının fəaliyyətinə dair təkliflər toplusu hazırlayıb və Avropa Şurasının baş katibinə təqdim ediblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvlüyünə sonuncu dəfə 10 il bundan əvvəl 2002-ci ildə üzvü seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB