Cinayət Məcəlləsinin “Böhtan” və “Təhqir” maddələri müzakirə olunur

Cinayət Məcəlləsinin “Böhtan” və “Təhqir” maddələri müzakirə olunur

Milli Məclisdə Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələrinə dəyişiklik layihəsi müzakirə edilir. SİA-nın xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, dəyişiklik layihəsi Milli Məclisə ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olub.

Dəyişikliklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma olacaq.

Hazırda layihənin müzakirəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə