"Bakıda Soyqırımı abidəsi qoyulacaq"

"Bakıda Soyqırımı abidəsi qoyulacaq"

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. SİA-nın məlumatına görə, iclasda millət vəkili Fərəc Quliyev Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyinin qeyd olunmasını təklif edib.

Fərəc Quliyev beynəlxalq təşkilatların Azərbaycana təzyiqinə də toxunub. Spiker Oqtay Əsədov isə qeyd edib ki, beynəlxalq institutların Azərbaycana təzyiqlərini görürük: "Hansı partiya, müxalifət qəzeti beynəlxalq institutlara müraciət edib?"

Elman Məmmədov yenidən Bakıda Soyqırımı abidəsi və muzeyinin yaradılması məsələsini qaldırıb. O, deyib ki, belə bir abidənin qoyulması çox vacib məslədir. Azərbaycana gələn rəsmi nümayəndələr Soyqırımına həsr edilmiş abidəni də ziyarət etməlidirlər.

Elman Məmmədovun sözlərinə görə, ermənilər özlərinin qondarma "soyqırımları"na artıq 50-ci illərdə abidə qoyublar: "Biz isə nədənsə bu işdə ləngiyirik. Ulu Öndərin verdiyi sərəncamda bu məsələ xüsusilə qeyd olunub ki, Bakıda Soyqrımı abidəsi və Soyqırımı muzeyi yaradılsın. Xocalı ilə bağlı abidə var və ildə yalnız bir dəfə ziyarət olunur".

Deputat xahiş edib ki, rəsmi ziyarət protokollarına Xocalı soyqırımı abidəsinin ziyarət edilməsi də salınsın: "Bəzən deyirlər ki, bura gələn dövlətlərin nümayəndələri həmin soyqırımı tanımırlar. Tanımasınlar, ancaq biz təklif edək, gedərlər, lap yaxşı".

Təklifə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə var, heykəl dəyişdiriləcək, muzey yaradılacaq: "Gələcəkdə bu abidənin ziyarət edilməsi də protokola salınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə