Ceyhun Musaoğlu: “Bu qanunun qəbul edilməsi elə bir böyük dəyişiklik yaratmır” – Müsahibə
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun Səs TV-yə müsahibəsi
- Ceyhun müəllim "Diffamasiya haqqında qanun"un qəbul olunub-olunmaması məsələsi uzun müddətdir müzakirə obyektinə çevrilib. Ümumiyyətlə, bu qanunun qəbulu jurnalistikaya hansı xeyirlər verə və ya KİV-ə hansı yeniliklər gətirə bilər?
- Demək olar ki, bir ilə yaxındır bu qanunla bağlı ciddi müzakirələr aparılır. Bu qanun layihəsi hazırlanıb, Milli Məclisə təqdim olunub. Məsələyə başqa konteksdən yanaşmaq istərdim. Niyə bu qanun ətrafında biz bu qədər ciddi ajiotaj yaradırıq?
Maraqlıdır ki, biz jurnalistlər nə zaman ictimai-siyasi məsələlərlə bağlı dövlət məmuru görürüksə onlara bu qanunla bağlı sual veririk. Sanki mətbuatın bir problemi var və bu da "Diffamasiya haqqında qanun"la bağlıdır. Biz Jurnalist Ekspert Mərkəzi olaraq fərqli düşünürük. Düşünürük ki, bu qanunun qəbul edilməsi və ya edilməməsi elə bir fövqəladə, böyük dəyişiklik yaratmır. Bu qanunun qəbul olunmasını istəyənlərin arqumentləri bundan ibarətdir ki, jurnalistlər həbs olunmasın. Bəli, hamının istəyi budur ki, jurnalistlər heç vaxt həbs olunmasın. Təbii ki, jurnalistlərin həbs olunması pislənilən haldır. Bu qanun da bunun qarşısını alacaq. Lakin bu arada jurnalistlər təhqirlərdən əl çəkəcəkmi?
Fərz edək ki, bu qanun qəbul olunub. Bundan sonra biz baxmalıyıq görək, jurnalist nə dərəcədə tənqidlə təhqiri ayıra bilir? Təbii ki, bu məsələləri hər şeydən daha çox nəzərdən keçirmək, düşünmək lazımdır. Elə qəzetlər var ki, dəfələrlə yazdıqları yazılara görə üzr istəməli olurlar. Belə çıxır ki, bu qəzetlər yalan məlumatlar yaymaqla məşğul olurlar, sonradan üzr istəməyə başlayırlar. Belə jurnalistlər "Diffamasiya haqqında qanun"un qəbul olunmasını ona görə istəyirlər ki, həbs olunmasınlar. Qanun yoxdur deyə belə hərəkətlərə yol verilir, qanun olsa nə olacaq? Həm də məlumdur ki, qanunda o da qeyd olunur ki, hansısa qəzet 3 dəfə üzr istəsə, həmin qəzet bağlana bilər.
Ümumiyyətlə, qeyd edim ki, bu qanunun qəbul olunması qaçılmazdı. Bu qanun çox güman ki, qəbul olunacaq. Lakin düşünürəm ki, "Diffamasiya haqqında qanun" haqda bu qədər çox düşünməkdənsə, daha çox jurnalistikanın peşəkarlığı haqqında düşünsək yaxşı olar.
- Bir çoxları düşünür ki, bu qanunun qəbulu sui- istifadə hallarına yol aça bilər. Buna münasibətiniz necədir?
- Bəli, belə hallar da baş verə bilər. Bəziləri düşünəcək ki, cərimə ödəməyə imkanım var və bundan istifadə edib hansısa məmuru təhqir edə bilərəm. Bu halların baş verməsi mümkündür. Düşünürəm ki, mətbuatımız tam hazır olandan sonra bu qanunun qəbul olunub-olunmamasının o qədər də böyük əhəmiyyət kəsb etmədiyi məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB