Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib

Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib. Şurada qeydiyyata alınmış əsas fəaliyyət istiqamətləri gənclərlə bağlı olan QHT-lər, ekspertlərin iştirakı ilə gündəlikdə duran məsələləri müzakirə ediblər. SİA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şura sədri Nurəddin Mehdiyev gənclərin ictimai-siyasi həyatdakı rolu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı haqqında danışıb. O qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan yeganə ölkələrdəndir ki, burada gənclər siyasəti həyata keçirilir. Bu gün Azərbaycan, Mərkəzi və Şərqi Avropa ölkələri arasında öz rolunu və mövqeyini qoruyub saxlayıb. Gənclər cəmiyyətin sosial, ictimai-siyasi həyatında mühüm keyfiyyətlərə malikdir. Yüzlərlə Azərbaycan gənci dövlətin səyi sayəsində xarici ölkələrdə təhsil alır. Hazırda dövlət qurumlarında çalışan gənclərin sayı xeyli artıb. İnanırıq ki, builki prezident seçkilərində Azərbaycan gəncləri inandığı namizədə, yəni Prezident İlham Əliyevə səs verəcəklər".

Tədbirdə çıxış edən Şuranın sədr müavini Gülsel Səfərova isə beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli hesabatları haqqında söz açıb. O, qeyd edib ki, "Amnesty İnternational", "Human Rights Watch" kimi bir sıra beynəlxalq təşkilatlar Azərbaycan, o cümlədən Dağlıq Qarabağ haqqında təhrif olunmuş faktlara əsaslanan hesabatlar hazırlayırlar: "Bu cür hesabatlar Azərbaycanın inkişafından narahat olan müəyyən siyasi dairələrin maraqlarına xidmət edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə, ASAN xidmət layihələri bütün bu faktların əsassız olduğunu bir daha ortaya qoydu. Ölkəmizin xarici siyasətində əldə etdiyi uğurlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, hər şeyi açıq-aşkar ortaya qoydu. Biz gənclər olaraq Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti tam dəstəkləyirik".

Daha sonra tədbirdə çıxış edən "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri Elməddin Behbud, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin (ATGDC) sədri Rəşxan Qaraşlı və digər iştirakçılar da gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, azərbaycançılıq ideologiyası və gənclərin formalaşması, ünsiyyətin təşkili, fərdi inkişaf, gənclərin sosial fəallığı, ictimai həyatda iştirakı, o cümlədən gənclərin məsuliyyəti və ictimai- siyasi proseslər mövzusunda çıxış ediblər.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə