Lənkəranlı Pəri nənə 100-ü adladı YUBİLEY

Lənkəranlı Pəri nənə 100-ü adladı YUBİLEY

Uzunömürlü insanları ilə ad çıxaran cənub bölgəsində daha bir nəfər 100 il həddini aşıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hazırda Lənkəran rayonun Şağlaser kəndində yaşayan Pəri nənənin bu günlərdə 100 yaşı tamam olub.

1913-cü il mayın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olan Pəri Sadıqova 13 yaşında ailə quraraq Masallıdan Lənkəranın Şağlaser kəndinə gəlin köçüb. Həyat yoldaşı ilə birgə yaşamaq Pəri nənəyə çox az qismət olub. Həyat yoldaşı Mövsum kişini müharibənin başlaması ilə cəbhəyə yola saldığını deyən Pəri nənə çox keçmədən qara kağız alıb. Nənənin 6 uşağından 4-ü ağır müharibə illərində aclıqdan ölüb. Pəri nənə uzun ömur sürməsinin səbəbini daim fiziki işlə məşğul olması və təbii qidalara üstünlük verməsi ilə bağlı olduğunu bildirib.

Oğlu Allahverən anasının yubileyini özünəməxsus şəkildə keçirib. Belə ki, yaşadığı həyətində əsl toy mağarı qurub. Övladları, nəvə-nəticələri, bütün qohum-qonşular onun başına yığışaraq əsl bayram sevinci yaşayıblar. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı T.Qaraşov, Şağlaser inzibati ərazi dairəsi nümayəndiliyi də Pəri nənəni bu əziz gündə yaddan çıxarmayıblar. Belə ki, Pəri nənəyə ŞİH tərəfindən maddi yardım, yerli icra nümayəndəliyiyi tərəfindən isə hədiyyələr təqdim olunub.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri və digər qonaqlar iştirak ediblər.

Rayon Mədəniyyət şöbəsinin "Nənələr" folklor kollektivi, Şağlaser mədəniyyət evinin mahnı və rəqs qrupu və digər ifaçılar tədbirə rəngarənglik qatıblar.

Sonda kənd sakinləri, qonaqlar 1 oğul, 8 nəvə və 13 nəticəsi olan Pəri nənəni təbrik edərək bundan sonra da ona uzun və sağlam həyat yaşamasının arzulayıblar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə