Ümummilli lider Heydər Əliyev Niderlandda yad edilib

Ümummilli lider Heydər Əliyev Niderlandda yad edilib

Niderland Krallığının Rotterdam şəhərində Gənc İşgüzar Azərbaycanlıların Avropa Təşkilatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Belçika nümayəndəliyinin maliyyə dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin doğum günü və 90 illik yubileyinə həsr olunmuş ziyafət təşkil edib. SİA-nın məlumatına görə, ziyafətə Niderland, Belçika və Almaniyadan iş adamları, Rotterdam Universitetinin professor və müəllim heyəti, tələbələr və rəsmi dövlət nümayəndələri qatılıblar.

Qonaqlara ilk öncə Ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən sənədli film nümayiş etdirilib. Filmdə Heydər Əliyevin Sovet dövrü və müstəqillik illərindəki fəaliyyəti işıqlandırılıb, hakimiyyətdə olduğu bütün dövr ərzində xalq qarşısında göstərdiyi müstəsna xidmətlər vurğulanıb. Tədbirdə qeyd edilib ki, Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz, Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə isə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və xalqı vahid bir azərbaycançılıq ideya ətrafında birləşdirmişdir.

Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir. Tədbirdə o da vurğulanıb ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq arenada uğurlu fəaliyyəti məhz Heydər Əliyev neft strategiyasının danılmaz bir davamıdır.

Sonda tədbir iştirakçılarına Ümummilli lider Heydər Əliyev haqqında müxtəlif xarici dillərdə çap olunmuş kitablar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətini əks etdirən kitabçalar, o cümlədən ölkəmizi təmsil edən suvenirlər və fərqli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə