Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Astara rayonunda da silsilə tədbirlərlə yaddaqalan olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, mayın 10-da Astara şəhərinin mərkəzi meydanına axın-axın insanlar gəlir, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edir, əziz xatirəsinə sonsuz ehtiramlarını nümayiş etdiriblər.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, ərazi nümayəndələri, pedaqoji kollecin, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri də abidə önünə tər güllər qoymağı özlərinə borc biliblər.
İcra başçısı Qəzənfər Ağayev və rayon rəhbərləri, ictimaiyyətin nümayəndələri Ulu öndərin xatirəsinə həsr olunmuş "Kitab bayramı"nda da iştirak ediblər. Burada ayrı-ayrı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi ilə tanış olublar. Həmçinin istedadlı rəssam Firudin Quliyevin, həvəskar rəssamlar Dəniz Baxşizadənin və Aytac Zeynalovanın çəkdikləri Heydər Əliyevin portretləri, Kakalos kənd mədəniyyət evindəki "Nəcib qızlar" klubu üzvlərinin əl işləri dərin marağa səbəb olub.
Rayon incəsənət ustalarının çıxışları tədbir işçilərinin xoş ovqat bəxş edib.
Tədbir Ümummilli liderin ad günündə ənənəvi olaraq hər il keçirilən məktəblilərin "İstedad" incəsənət festifalı qaliblərinin nümunəvi çıxışları ilə davam etdirilib. İncəsənətin ayrı-ayrı növləri üzrə qalib adını qazanmış 75 nəfər məktəbli rayon Təhsil şöbəsi, Mədəniyyət şöbəsi və Gənclər İdman İdarəsinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələrilə mükafatlandırılıblar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB