Bu gün Azərbaycanda Gül Bayramı kimi qeyd olunur. Görkəmli siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilən bayramda minlərlə gül sərgilənib. SİA-nın məlumatına görə, bayram münasibətilə Heydər Əliyev adına Sarayın qarşısında möhtəşəm gül sərgisi nümayiş etdirilib. Heydər Əliyev adına parkda sərgilənən güllər Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə müxtəlif ölkələrdən gətirilib. Dibçək, kəsilmə və müxtəlif formada bəzədilən kompozisiyalardan ibarət sərgidə yüzlərlə növ güldən istifadə edilib.
İlk olaraq prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev parkında gül bayramı ilə bağlı yaradılan şəraitlə yaxından tanış olublar. Daha sonra Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üstündəki istirahət park kompleksinin açılışı olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısının diqqətinə çatdırıb ki, yeni salınan bu kompleks şəhərin ən böyük parkıdır. Bildirilib ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.
Daha sonra park şəhər sakinlərinin ixtiyarına verilib. Parka gələn şəhər sakinləri isə gül bayramı üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.
Qeyd edək ki, bu gün axşam saat 21:00-da Gül Bayramı münasibətilə Milli Parkda bayram konserti təşkil ediləcək. Konsertin sonunda hər il olduğu kimi, bu il də atəşfəşanlıq keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB