Bərdədə “1-ci Qarabağ Festivalı” keçirilib

Bərdədə “1-ci Qarabağ Festivalı” keçirilib

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "İstedadlı gənclərin vətənpərvərlik çağırışları" layihəsi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yübileyi münasibətilə Bərdə rayon Milli Olimpiya Kompleksində 500 nəfərdən artıq gəncin, 200-dən artıq idmançının iştirakı ilə "1-ci Qarabağ Festivalı" keçirib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Bərdə rayonunun mərkəzində ucaldılmış heykəlini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Bərdə Milli Olimpiya Kompleksində işini davam etdirən Festival Azərbaycanın Dövlət Himninin səsləndirməsi ilə açıq elan edilib.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı roldan danışıb. O, 1993-cü ildə 2-ci dəfə Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycan xalqının qurtuluşu, müstəqil dövlətimizin isə xilası kimi qiymətləndirib. Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan danışan V.Qədirov Ulu öndərin bütün sahələrlə bərabər Azərbaycanda gənclər siyasətinin bünövrəsini qoyan və inkişaf etdirən dahi bir şəxsiyyət olduğunu vurğulayıb. O, Gənclər və İdman Nazirliyini yaratmaqla gənclərə dövlət qayğısının təmin olunmasına nail oldu. Gənclər forumlarının keçirilməsi, gənclər təşkilatlarına göstərilən diqqət və qayğı gənclər siyasətinin uğurla həyata keçdiyinin bir göstəricisidir, - deyə V.Qədirov bildirib.

Tədbirdə həmçinin Bərdə rayon Gİİ-nin rəisi Anar Şahbazov, Bərdə rayon icra hakimiyyətinin məsul əməkdaşı Asif Abbasov, Qarabağ QHT Koalisiyasının baş katibi, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, "Ana Harayı" qəzetinin baş redaktoru Şamil Sabiroğlu, Qarabağ qazisi Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, QMƏVŞAİB-in Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Aşihara Karate Federasiyasının Qarabağ şöbəsinin rəhbəri Baxşeyiş Məmmədov və digər natiqlər çıxış edərək Heydər Əliyevin istər Azərbaycanın müstəqilliyinin gücləndirilməsində, iqtisadiyyatın sürətli inkişafında, ordu quruculuğunda, həmçinin idmanın uğurlu inkişafında göstərdiyi xidmətləri xalqımızın yaddaşlarından silinməyəcək bir tarix olduğunu qeyd ediblər.

Rəsmi hissədən sonra istedadlı məcburi köçkün gənclərin ifalarında Ümummilli Liderə həsr olunmuş mahnılar, eyni zamanda hərbi vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. Döyüş növləri üzrə keçirilən yarışda öz istedadlarını nümayiş etdirən idmançılar əsl vətənpərvərlik nümayiş etdirərək, Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqları hər an düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, 1-ci Qarabağ Festivalının sonunda qalib gəlmiş 15 komandaya kuboklar, fəxri fərmanlar hədiyyələr, əzmkarlıqla döyüşdüklərinə görə, 150 nəfər idmançı isə medallarla, fəxri fərmanlarla və diplomlarla təltif edilib. Festival təntənəli marşla sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə