Lerikdə Rayon Statistika idarəsi üçün yeni binanın açılışı olub FOTOLAR

Lerikdə Rayon Statistika idarəsi üçün yeni binanın açılışı olub FOTOLAR

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon statistika idarəsi üçün yeni inşa edilmiş inzibati binanın açılış mərasimi keçirilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon statistika idarəsinin rəisi Ədail Məmmədov Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq inşa edilmiş, iki mərtəbəli, yaraşıqlı binanın açılışının əlamətdar bir günə - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində baş verməsinin heç də təsadüfü olmadığını bildirib. Qeyd edib ki, ümummilli liderin Respublikamıza rəhbərlik etdiyi sovet dönəmində və müstəqilliyimizin ilk illərində Respublikamızda tikinti-quruculuq işləri geniş vüsət almışdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun düzgün icrasının nəticəsidir ki, bu gün ən ucqar rayonlarımızda belə, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman kompleksləri, inzibati idarə binaları, yaşayış evləri inşa edilir. Şəhər, kənd və qəsəbələrimizin siması dəyişir. Yeni yollar, körpülər salınır, qaz xətti çəkilir. Natiq onların səmərəli fəaliyyəti üçün yaradılan şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını Ulu Öndərin 90 illik yubileyi münasibətilə təbrik ediblər və son illər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində həyata keçirilən strateji kurs nəticəsində yaranan yeni iş yerləri, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə