İmran Abdullayev: "Çörək istehsalında ciddi nöqsanlar var"

İmran Abdullayev: "Çörək istehsalında ciddi nöqsanlar var"

"Azərbaycanda çörək istehsalı sahəsində fəaliyyət göstərən kiçik sexlərdə çörəyin istehsal olunmasında ciddi nöqsanlarla rastlaşırıq". Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, ölkənin bəzi regionlarında, xüsusilə də Bakı ətrafı ərazilərdə müasir texnologiya ilə təchiz olunmuş çörək istehsalı ilə məşğul olan zavodlarda istehsalla bağlı nöqsanlara yol verilmir: "Lakin bu kimi zavodlarla yanaşı kiçik çörək sexləri də fəaliyyət göstərir ki, onların da bəzilərinin fəaliyyəti bizi qane etmir. Bu kimi sexlərdə texnologiyadan istifadə sahəsində sanitar qaydalara riayət olunmasında problemlər yaşanır. Əlbəttə ki, bu da son mərhələdə istehsal olunan çörəyin keyfiyyətində və təhlükəsizliyində özünü göstərir".

Qarşıdan yay fəslinin gəlməsilə əlaqədar istehsal olunan çörəklərdə ən başlıca problemin kartof xəstəliyinin qarşısının alınması olduğunu deyən şöbə müdiri deyib ki, bu xəstəlik yay aylarında daha çox özünü biruzə verir: "Bununla əlaqədar yay aylarında çörəkdə turşuluğun 1% artırılmasına icazə verilir. Bundan əlavə konservantlar da var ki, onların da çörəyin tərkibinə əlavə olunmasına icazə verilir və bunula da dezinfeksiya tədbirləri tamamlanmış olur".

İmran Abdullayev onu da qeyd edib ki, çörək istehsalında ikinci əsas problem istehsal olunan məhsulların qablaşdırılması və daşınması sahəsindədir: "Bəzi çörək sexlərində istehsal olunan çörəyin qablaşmasının üzərinə onun saxlanma müddətinin normadan çox, yəni 5-6 sutka olduğu qeyd olunur. Lakin çörəyin saxlanma müddətinin 72 saatdan çox olmasına icazə verilmir. Həmçinin çörəyin daşınmasında da sanitar qaydaların ciddi şəkildə pozulması, nəqliyyat vasitələrinin təyinatı üzrə düzgün seçilməməsilə qarşılaşırıq. Belə ki, çörəyin minik avtomobilinin yük hissəsinə yığılması və satış yerlərində bu məhsulların üzərinə natəmiz parçaların, hətta paltarların sərilməsi sanitariya sahəsində ciddi nöqsanlardır. Bu kimi hallarla mübarizə aparmaq üçün dövlət sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən daima monitorinqlər keçirilir, cərimə sanksiyaları tətbiq olunur. Hətta bəzi çörək sexləri də var ki, daha öncə cərimə olunmalarına baxmayaraq, hələ də eyni problemlər davam etməkdədir. Lakin əsas məqsədimiz təkcə cərimə sanksiyaları tətbiq etmək deyil, sahibkarların sexlərdə sanitariya qaydalarına riayət edilməsinə özlərinin də diqqət yetirməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə