"Sahil bağı"nda gül bayramı keçirilib

"Sahil bağı"nda gül bayramı keçirilib

Bu gün Səbail rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib. SİA xəbər verir ki, bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki "Sahil bağı"nda lazımi abadlıq işləri aparılıb, parkdakı fəvvarələr tər güllərlə bəzədilib, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli Lider Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı kompozisiyalar, Bakı şəhəri və Səbail rayonunun simvolu olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun, paytaxtımızın simvoluna çevrilən "Alov Qüllələri" Kompleksinin, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış ilk neft buruğunun, "Səbail" gəmisinin güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edib.

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, millət vəkili Fuad Muradov idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı "Sahil bağı"nı gəzib, maraqlı gül ekspozisiyaları ilə tanış olublar.

Asif Əsgərov bildirib ki, Səbail rayonunda Ümummili Lider Heydər Əliyevin 90 illik yubileyilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq geniş tədbirlər planı hazırlanıb. Onun sözlərinə görə, rayonda təşkil olunan Gül bayramından və konsert proqramlarından başqa "Abad həyat" layihələri, gənclərin daxili qoşunlara ezam olunması və bununla bağlı tədbirlərin həyata keçirilməsi kimi layihələr reallaşdırılıb: "Xalqımızın Ulu Öndər Heydər Əliyevə qarşı olan sevgisi və hörməti çox böyükdür. Yubileylə bağlı keçirilən hər bir tədbir Azərbaycan xalqının Liderinə olan sevgisini tərənnüm edir".

Qeyd edək ki, nümayiş olunan gül kompozisiyaları və müxtəlif materiallardan hazırlanan sənət nümunələri, xüsusilə də Ulu Öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın muncuqdan hazırlanmış portretləri rayonun Dövlət İqtisad, Pedaqoji və "Qərb" Universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin əl işləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə