Ulu Öndər Heydər Əliyev və Azərbaycan mətbuatı

Ulu Öndər Heydər Əliyev və Azərbaycan mətbuatı

Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ümumimilli lideri Heydər Əliyev bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafına böyük diqqət və qayğı göstərmişdir. Tanınmış qəzetlərin baş redaktorları da Ulu Öndəri Azərbaycan mətbuatının inkişafında böyük işlər görmüş şəxs kimi dəyərləndiriblər.

"Kaspi" qəzetinin baş redaktoru, Natiq Məmmədli:

- Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatına verdiyi tövhələr ənənə şəklində, bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müdrik siyasətçi Heydər Əliyev həm Sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi müddətdə jurnalistləri, fikir adamlarını, düşüncə adamlarını daim diqqətdə mərkəzində saxlayıb, milli düşüncənin oyaq qalması üçün fəaliyyət göstərib. Bu xətt Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci dəfə qayıdışından sonra yeni müstəvidə davam etdirildi. O zaman müstəqil Azərbaycan üçün vacib olan ifadə azadlığının möhkəmlənməsi, milli mətbuatın formalaşması zəruri idi. Bütün bunları nəzərə alaraq Umumimilli Lider tərəfindən silsilə tədbirlər həyata keçirildi, addımlar atıldı. Burada birinci növbədə dövlətin Konstitusiyasında Mətbuat Azadlığı Haqqında maddəaların daxili edilməsi, daha sonra senzuranın ləğvi, mətbuatın özünüidarə sisteminə keçməsi, mətbuatın maddi və mənəvi tərəfdən dəstəklənməsini aid etmək olar. Ulu Öndər hər zaman mətbuata açıq bir dövlət rəhbəri idi və mətbuatın mənəvi cəhətdən hamisi idi.

"Paralel" qəzetinin baş redaktoru, Tapdıq Abbas:

- Azərbaycan müstəqillik qazandıqdan sonra mətbuatın yüksək şəkilkdə inkişaf etməsinin banisi Ümumimilli Lider Heydər Əliyevdir. Ulu Öndər hər zaman, istər hakimiyyətə gəlməmişdən öncə, istərsə də hakimiyyəti illərində mətbuata xüsusi münasibətinin, mövqeyinin olması ilə fərqlənirdi. 1998-ci il avqustun 6-da ölkədə mətbuata senzura ləğv edildi, Azərbaycanda müstəqil və demokratik mətbuatın inkişafı üçün yeni üfüqlər açıldı. Dahi liderin təkcə ölkəmizdə mətbuatın inkişafında deyil, həm də regionda mətbuatın inkişafında misilsiz rolu olub. Hal-hazırda ölkəmizin bütün sahələrində olduğu kimi, mətbuata da daim diqqət və qayğı ilə yanaşma var. Bu diqqət və qayğının təməlini məhz Ulu Öndər qoyub. Bu təməl üzərində mətbuatın yüksək səviyyədə inkişaf etməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Bu gün Azərbaycan mətbuatında olan bütün müsbət keyfiyyətlərin hamısının müəllifi məhz Ulu Öndər Heydər Əliyevdir. Bu gün bu prinsiplər dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə, uğurla həyata keçirilir. Bu gün Azərbaycan jurnalisti regiondakı bütün dövlətlərin jurnalistlərindən həm maddi, həm mənəvi və digər cəhətlərinə görə müsbət şəkildə fərqlənir.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Elçin Mirzəbəyli:

- 1998-ci ildə mətbuata senzuranın ləğvi nəticəsində mətbuatın həyatında yeni bir mərhələ başladı və Azərbaycanda müstəqil mətbuatın inkişafı üçün əlverişli şərait yarandı. Kütləvi informasiya vasitələrinin nəşriyyatlara olan borcları donduruldu və sonradan Prezident İlham Əliyev tərəfindən təmamilə ləğv edildi. Məhz qurulan siyasət nəticəsində Azərbaycan mətbuatının inkişafı ilə bağlı konsepsiya qəbul olundu və bu gün də həmin konsepsiyanın həyata keçirilməsi nəticəsində geniş fəaliyyət göstəririk. Müstəqil Azərbaycanın milli mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə