Lənkəranda möhtəşəm bayram konserti

Lənkəranda möhtəşəm bayram konserti

Respublikamızın hər yerində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin təntənəsi yaşanır. Lənkəranın idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsil ocaqlarında rəngarəng, silsilə yubiley tədbirləri keçirilir, bayram konsertləri düzənlənir.

Mayın 7-də Lənkəran şəhər Mərkəzi Stadionunda əlamətdar yubiley münasibətilə möhtəşəm bayram konserti olub. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, konsertə 10 mindən artıq lənkəranlı gəlib. Onlar Bakıdan dəvət olunmuş, o cümlədən, Lənkəranda yaşayan populyar müğənnilərin ifalarını dinləyərək mənalı istirahət dəqiqələri yaşayıblar.Yerli müğənnilərdən Cavad Rəcəbovun, Əsəd Bayramovun, skripkaçı İlqar Əliyevin, "Muğam üçlüyü"nün, "Nənələr" folklor kollektivinin, Bakıdan gəlmiş sənət adamlarından Nisə Qasımovanın, Aybəniz və Şahnaz Haşımovaların Əlikram Bayramovun, Rəşad İlyasovun, Firuzə İbadovanın, Aynişan Quliyevanın, Elşad və Rəvan Qarayevlərin və başqalarının ifasında səslənən şux melodiyalar lənkəranlı sənətsevərlərə xoş əhval-ruhiyyə bəxş edib.

Konsertdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bütün idarə, müəssisə və təşkilatların rəhbərləri öz kollektivləri ilə birlikdə iştirak ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə