Nizami rayonunda faşizm üzərində qələbə günü qeyd olunub

Sədaqət Vəliyeva: Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə olan diqqət, qayğı artıb və Qələbə Günü Azərbaycanda daha möhtəşəm qeyd olunmağa başlanıb
Nizami rayonunda faşizm üzərində qələbə günü qeyd olunub

Nizami rayonunda faşizm üzərində Qələbənin 68-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 1941-45-ci illər Böyük Vətən müharibəsində yüz minlərlə azərbaycanlının iştirak etdiyini və onlardan 300 mininin həlak olduğunu, 300 mindən çoxunun cəbhədə göstərdikləri igidliyə görə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.

Millət vəkili müharibə illərində Azərbaycanın ön cəbhəni yanacaq, silah, ərzaq, geyimlə təmin etdiyini, neft və neft məhsullarının 70 faizinin Bakıda istehsal olunduğunu və sovet ordusunun demək olar ki, bütün hərbi texnikasının Bakı nefti ilə işlədiyini vurğulayıb.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan rayon təşkilatının sədri Nizami rayonunda da yaşayan 1941-45-ci illər müharibəsinin veteranları ilə vaxtaşırı görüşlər keçirildiyini, onlara qayğı göstərildiyini deyib.

Sədaqət Vəliyeva deyib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə olan diqqət, qayğı artıb və Qələbə Günü Azərbaycanda daha möhtəşəm qeyd olunmağa başlanıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Tədbirdə müharibə veteranları çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda veteranlara Qələbə günü ilə bağlı hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə