Daxili Qoşunların xidməti yaşayış binası istifadəyə verilib

Daxili Qoşunların xidməti yaşayış binası istifadəyə verilib

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində DİN Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yaşayış binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, tikintisinə ötən ilin aprelində başlanmış 60 mənzilli 6 mərtəbəli yaşayış binasının ümumi sahəsi 6100 kvadratmetrdir. Binada mərkəzi qazanxana, havalandırma sistemləri quraşdırılıb, rabitə-kommunikasiya, elektrik xətləri çəkilib, su hovuzu, digər yardımçı sahələr yaradılıb. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. Bir sözlə, bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə tam təchiz olunub.

Mərasim iştirakçıları hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub, görülmüş işlərdən razı qalıblar. Çıxış edənlər yaşayış binasının istifadəyə verilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib. Eyni zamanda hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesi, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, son illər Daxili Qoşunların hərbi qulluqçuları üçün müxtəlif təyinatlı obyektlər, o cümlədən yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilib istifadəyə verilib.

Tədbirdə həmçinin qeyd olunub ki, DİN Daxili Qoşunlarının şəxsi heyəti, bu ali diqqət və qayğıya əməli fəaliyyətləri, xidməti və döyüş tapşırıqlarının yerinə yetirilməsi sahəsində yeni uğurları ilə cavab verəcək, qarşıya qoyulan əmr və tapşırığı layiqincə yerinə yetirəcək.

Qeyd edək ki, təntənəli mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə