Sadir Məmmədov: “Şuşanın işğalının qarşısının alınması üçün...”

Sadir Məmmədov: “Şuşanın işğalının qarşısının alınması üçün...”

1990-92-ci illərdə Dağlıq Qarabağ Vilayət Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış Sadir Məmmədovun Səs TV-yə müsahibəsi:

- Sadir müəllim, siz 1988-90-cı illərdə Şuşa rayon polis İdarəsinin rəisi, daha sonra 1992-ci illərə qədər Dağlıq Qarabağ Vilayət Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmısınız. Yəni, bilavasitə o dövrdə Dağlıq Qarabağda baş verən hadisələrin, o cümlədən Şuşanın işğalı vaxtı bu olayların içərisində olmusunuz. O dövrdə bölgədə ictimai-siyasi vəziyyət necə idi?

- Fevral ayının 11-i 1988-ci ildə mən Bakı şəhər cinayət axtarış idarəsində ümumi işlər üzrə baş əməliyyat müvəkkili idim. Mərhum Xəlil Quliyev ictimai təhlükəsizlik idarəsinin polkovniki Yaqub Mahmudovla birgə bizi ezamiyyətə göndərdi ki, Xankəndində bir neçə erməni yığışıb asayişi pozmağa çalışırlar. Biz Xankəndiyə çatanda gördük ki, həqiqətən də 300-400 erməni yığışıb və "Biz azərbaycanlılarla qardaşıq, lakin Ermənistana birləşmək istəyirik" kimi şüarlar səsləndirirlər. Biz ilk öncə şüarın məğzini başa düşmədik, sonra aydınlaşdırdıqdan sonra məlum oldu ki, bunların fikri Dağlıq Qarabağı Azərbaycandan ayırmaqdır, meydana yığışmalarının səbəbi də elə budur. Bu hadisədən dərhal sonra biz Bakıya, respublika Daxili İşlər Nazirliyinə gedərək onları bu haqda məlumatlandırdıq. Eyni zamanda həmin günün səhəri sakinlər Qaradağlıdan Ağdama üz tutmuşdular. Orada onlar ermənilər tərəfindən təzyiqə məruz qalmışdı. Bu məlumatı da təfərrüatı ilə Bakıya çatdırdıq. O dövrdə Stepanakert Daxili İşlər İdarəsinin rəisi Armen Saqılovla söhbətdə mənə dərhal aydın olmuşdu ki, onun mövqeyi üzdə göründüyü kimi bizi müdafiə etmək deyil, ermənilərə tərəf çıxmaqdır. Bu proseslər gələcəkdə başımıza gətiriləcək hadisələrin ilk başlanğıcı idi. Biz teleqram göndərmişdik və həmin teleqrama əsasən 1988-ci il fevral ayının 17-si Dağlıq Qarabağa Azərbaycanın daxili işlər naziri mərhum Aydın Məmmədov, milli təhlükəsizlik naziri Ziya Yusifzadə, daxili işlər nazirinin müavini general-mayor Kamil Əliyev və digərləri gəldilər, bununla da artıq hadisələr genişlənməyə başladı. Məsələnin böyüməsi ilə əlaqədar respublikanın o dövrdəki rəhbərliyi Kamran Bağırov, Həsən Əzizov hadisə yerinə gəldi və Vilayət Komitəsinin sessiyası çağırıldı. Vilayət Sənaye Təşkilatının sədri, Daşnaksütyun partiyasının üzvü Henrix Paqasyan məsələ qaldırdı ki, ictimai-asayişi qorumaq üçün təyin olunan milislər ərazidən çıxsın. Səbəb kimi isə onların erməniləri incitməsini göstərdi. Bizimkilər sadəlövhcəsinə bu yalana inandılar və həmin təyin olunmuş dəstələr ərazidən çıxarıldı. Ermənilər təşkilatlanmış sürətdə avtobuslarla vilayətin rayonlarından - Ağcakənddən, Ağdərədən və digərlərindən dəstə-dəstə Xankəndinə üz tuturdular və təbii ki, bunlar gələcəkdə bizə qarşı ediləcək mitinqlərə ilkin hazırlıqlar idi. Artıq 300-500 nəfərin toplandığı mitinqləri on mindən çox ermənin qatıldığı genişmiqyaslı mitinqlər əvəz edirdi.

- Şuşanın işğalı ərəfəsində Dağlıq Qarabağda hansı hadisələr cərəyan edirdi?

- 23 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycana məxsus vertolyot vurulduqdan sonra ölkə rəhbərliyinin bu hadisəyə heç bir reaksiya verməməsi ermənilərin Şuşanın kəndlərini tərki-silah etməsi ilə nəticələndi. Arada sipər olan Xocalı 26 fevral tarixində işğal olunduqdan sonra növbə Şuşaya çatmışdı. 1992-ci il 8 may günü Şuşanın işğalı hadisəsi baş verdi. Bu dövrdə Şuşaya rəhbərliyi müdafiə naziri Rəhim Qazıyev, general Elbrus (soyadın xatırlamıram, onu görməmişdim) edirdi. Şuşa alınmaz bir qala idi. Şuşada 450-500 nəfər şəhid, 600 nəfər əlil oldu, neçə-neçə qadın və kişi əsir düşdü.

- İşğalının qarşısının alınması üçün hər hansı tədbirlər görülür və ya cəhdlər edilirdi?

- Şuşanın işğalının qarşısının alınması üçün Xocalı verilməməli idi. Xocalı işğal olunduqdan sonra artıq məlum idi ki, növbə Şuşanındır. Bu dövrdə Dağlıq Qarabağa rəhbərlik edən idarə yaradılmışdı. İdarənin rəisi vəzifəsinə Tahir Əliyev təyin olunmuşdu. Bölgədə milis olsa da silahsız idilər, çünki heç kim buna fikir vermirdi, hər kəs hakimiyyətdə öz vəzifəsini güdür, öz mənafeyini müdafiə edirdi. Ermənilərin Qarabağı işğal etmək planları hələ bir əsr bundan əvvəl başlayıb. 1905-1907-ci illər, 1918-1920-ci illər, 1948-1953-cü illər və nəhayət 1988-ci ildə baş verən hadisələr buna sübutdur. Təkcə 1918-ci ildə ölkənin müxtəlif bölgələrində 200 minə yaxın azərbaycanlı qətlə yetirilib. Eyni hadisə 1988-ci ildə də təkrarlandı. Şuşanın işğalı isə Qarabağın süqutuna gətirib çıxardı. Hadisələrə diqqət yetirəndə görürük ki, ermənilərin bu əraziləri tutma planı hələ bir əsr bundan öncə başlayıb. Onlar tarix boyu çox planlı şəkildə iş görüblər.

Sona Məmmədli, Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə