Utanmasan oynamağa nə var ki ...

Utanmasan oynamağa nə var ki ...

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun Lənkəran şəhərində keçirdiyi qəbulu barədə Tribuna İnformasiya Agentliyinin 07 may 2013-cü il tarixli internet səhifəsində yaydığı məlumat tamamilə yalan və dezinformasiyadır. Bunu SİA-ya açıqlamasında Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul şəxsi deyib.

Bildirilib ki, əvvəla, Hüseynqulu Bağırovun qəbulu Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən deyil, müvafiq tədbirlər planına əsasən sözügedən nazirlik tərəfindən təşkil olunmuş və qəbula gələnlərin siyahısını da aidiyyəti qurumun rəsmiləri tərtib ediblər. İkincisi yazıdakı bəzi fikirlər əsas verir ki, bunları səsləndirən insanların çox cahil və nadan olduğunu düşünəsən. Yazılır ki, guya Hüseyqulu Bağırov Taleh Qaraşovu yanına çağıraraq, onu qəzəbli şəkildə acılayıb və bildirib ki, şikayətçiləri görüşə gətirsin. Görəsən, bu nadan şəxslərin dövlət idarəçiliyinin subardinasiya qaydaları, tabelilik prinsipləri barədə təsəvvürləri varmı? Əsla yoxdur. Əgər olsaydı, onlar adi bir həqiqəti bilməli idilər ki, heç bir nazir heç vaxtı icra başçısını çağırıb danlamaz və ondan şikayətçi tələb etməz. Çünki hər bir nominal şikayətçi ölkə vətəndaşı olduğundan onun Konstitusiya normaları çərçivəsində istənilən dövlət orqanına müraciət etmək hüququ var və heç kəs onun bu hüququnu məhdudlaşdıra bilməz. Deməli, bu fikirlərin heç bir əsası yoxdur, tamamilə yalan və böhtandır.

Digər tərəfdən bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Lənkəran şəhəri gündən günə abadlaşır. Yeni məktəblər, evləri qəzalı vəziyyətdə olan ailələr üçün çoxmərtəbəli yaşayış evi tikilir, köhnə çoxmərtəbəli yaşayış evlərində təmir-bərkitmə işləri görülür, mərkəzi xəstəxana əsaslı təmir olunur, parklar, bağlar salınır, yollar asfaltlanır, su-kanalizasiya sistemi əsaslı şəkildə yenidən qurulur, kütləvi şəkildə yaşayış məskənləri qazlaşdırılır.

Görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma, sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xöş güzəranından ötrü edildiyini görsün və anlasın. Yəqin, yazı müəlliflərində bu sağlam düşüncə və anlam yoxdur. Hələ yazıdakı yalnış ifadə səhvlərini demirik. Görəsən, bu cür "çızmaqara" yazılarla sayt nəyə nail olmaq istəyir? Ucuz sensasiyaya, yoxsa, kimlərinsə düdüyünü ağzına tutub tütək çalmağa? Bu şəri, böhtanı tapşırırıq onların özlərinin vicdanına.

Bununla belə, bir daha belələrinin diqqətinə çatdırmaq istəyirik ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində vətənimiz Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf "cənub mirvarisi" olan Lənkəranda da göz qabağındadır. Bütün bunlar sakinlərin rahatlığı üçün edilir. Hər bir lənkəranlı bu işlərlə fəxr edib qürur hissi keçirir. Yazı müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırırlar.

Atalar yaxşı deyib: "Utanmasan, oynamağa nə var ki".

Bütün xəbərlər Facebook səhifəmizdə