Millət vəkili Azay Quliyev beynəlxalq aləmə çağırış etdi

Millət vəkili Azay Quliyev beynəlxalq aləmə çağırış etdi

QHT Şurasının "Şuşaya Azadlıq" kampaniyasına Londondan dəstək gəldi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dünyaya çatdırılması məqsədilə kampaniyaya başlayıb. SİA-nın məlumatına görə, Şura sədri, millət vəkili Azay Quliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri QHT-lərinin Ankarada keçirilən forumunda türkiyəli həmkarlarından və bütövlükdə iştirakçı ölkələrdən Şuranın başlatdığı "Şuşaya azadlıq!" kampaniyasına dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb. A.Quliyev bu kimi tədbirlərin yalnız Şuşanın və digər zəbt edilmiş torpaqlarımızın işğal günlərində deyil, torpaqlarımız azad olunana qədər, hər gün, hər ay mütəşəkilliklə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Kampaniyaya daha bir dəstək isə Londondan gəlib. Hazırda orada olan qhtxeber.az-ın redaktoru Sənan Nəcəfov bu kampaniyaya beynəlxalq dəstəyi genişləndirmək üçün aksiya keçiriləcəyini bildirib. O, bildirib ki, mənimlə bərabər burada müxtəlif ölkələri təmsil edən 1000-dən çox tələbə təhsil alır: "Şuşaya azadlıq kampaniyası çərçivəsində "Şuşanı 1 dəqiqəlik sükutla yad edək" aksiyasının keçirilməsini qərar aldıq. Sabah təhsil aldığım kollecdə tələbə yoldaşlarım milli mədəniyyətimizin beşiyi olan Şuşanın işğalı nəticəsində həlak olmuş dinc sakinlərin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər. Sayğı duruşundan sonra tələbələrə Şuşa haqda qısa informasiya veriləcək. Bununla bağlı kollec rəhbərliyindən artıq ümumi razılıq alınıb".

S. Nəcəfovun sözlərinə görə, İtaliya, Almaniya, İspaniya, Rusiya, Koreya, Yaponiya, İordaniya, Braziliyadan olan onlarla tələbə sabah "Facebook" statuslarında "Şuşanı 1 dəqiqəlik sükutla anaq" şüarını yaymaqla aksiyaya dəstək olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə