Səbailli gənclər Daxili Qoşunların Təlim Mərkəzində olublar

Səbailli gənclər Daxili Qoşunların Təlim Mərkəzində olublar

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətində təsdiq olunmuş təbirlər çərçivəsində rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Xızı rayonunda yerləşən Daxili Qoşunların Təlim Mərkəzində tədbir keçirilib. SİA-nın məlumatına görə, Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayonun ali məktəblərinin tələbələri ilə yanaşı Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Daxili Qoşunların avtonəqliyyat vasitələri ilə Xızı rayonundakı Təlim Mərkəzinə çatdırılıb. Tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənovun iştirakı ilə əvvəlcə Daxili Qoşunların istifadəsində olan müasir hərbi texnika, silah və sursatla tanış olublar. Daxili Qoşunların zabitləri qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələrini nümayiş etdiriblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən danışıb. Həmçinin Ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasından, eyni zamanda bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat verib. İcra başçısı bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışıb, Daxili Qoşunların inkişafı və bu qoşun növünün müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin fəaliyyəti barədə məlumat verib.

Tədbir iştirakçıları üçün Təlim Mərkəzində birgə nahar süfrəsi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə