Şuşanın işğalının ildönümü ilə bağlı şəhər ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib REPORTAJ

"Şuşanın mundar ermənilərin ayaqları altında olduğunu düşündükcə, ürək daş da olsa əriyir"
Şuşanın işğalının ildönümü ilə bağlı şəhər ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib REPORTAJ

Bu gün Şuşanın ermənilər tərəfindən işğal edlməsinin 21-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib. SİA-nın verdiyi xəbərə görə, ziyarətçilər arasında Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, "Dağlıq Qarabağin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbərliyi, millət vəkilləri, işğal altında olan rayonların ictimaiyyət nümayəndələri, şəhid ailələri, və digər şəxslər olub.

Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov:

"İşğal olunmuş torpaqlarımızın azad olunması məsələsində bütün xalqımızın mövqeyi birdir. İşğal olunmuş torpaqlarımız azad olunmalıdır. Hələlik bu məsələnin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllinə çalışırıq. Əgər bu mümkün olmasa, Azərbaycan xalqı bu gün sahib olduğumuz güclü ordu ilə öz müqəddəratını, problemlərini özü həll etməlidir. Lazım olsa, xalqımız torpaqları döyüş yolu ilə azad edəcək. Ermənilər sadəcə vaxt udmaq üçün məqam axtrarırlar, çünki onların bundan başqa yolları yoxdur. Bu gün dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Hansı yolla olur olsun, biz doğma torpaqlarımıza qayıdacağıq. Ermənilər bunu da bilməlidirlər ki, 1992 – ci ilə qədər Dağlıq Qarabağın sakini olmuş ermənilər Azərbaycan xalqı ilə bərabər yaşaya bilərlər. Torpaqlarımız işğal olunana qədər Dağlıq Qarabağda yaşamış ermənilər Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alaraq ölkəmizin vətəndaşı kimi yaşaya bilərlər. Eyni zamanda bayrağımızın altından keçməklə respublikamızda vətəndaşlarımız üçün yaradılmış imtiyazlardan, güzəştlərdən istifadə edə bilərlər".

Ziyarət zamanı Azərbaycan torpaqları uğrunda şəhid olanların ruhuna dualar oxunub, şəhid məzarları önünə tər qərənfillər düzülüb.

"Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının" sədri Vüqar Qədirov:

Tarixən erməni millətçiləri Azərbaycan torpaqlarını ələ keçirmək üçün təxribatçı fəaliyyət göstəriblər. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzü ona havadarlıq edən dövlətlərin dəstəyi ilə növbəti bir mərhələyə keçdi. Nəticə etibarilə, Azərbaycanın 20 faiz torpaqları işğal olundu. Torpaqlarımızın işğal altına düşməsinə digər bir səbəb Azərbaycana rəhbərlik edən insanların vətən, torpaq naminə birləşə bilməməsi, öz şəxsi mənafelərini, millətin, xalqın mənafeyindən üstün tutmasıdır. Bütün bu işğal prosesi şəxsən mənim gözlərimin qarşısında baş verib. Şuşa şəhərinin işğalı dövlətimizin ərazi bütövlüyünə vurulmuş ən böyük zərbədir. Amma bu gün Azərbyacanın güclü ordusu var. Eyni zamanda ölkəmizin gəncləri prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib. İstənilən vaxt Ali baş komandan İlham Əliyevin göstərişi ilə torpaqlıarımızı işğaldan azad etməyə hazırıq.

Gülçöhrə Həsənova -Şuşa sakini:

Biz Qarabağlılar torpaqlarımız işğal olunan zaman çox pis hislər keçirdik. İndi də torpaqlarımızın həsrəti ilə yaşayırıq. İstəməzdik ki, bu işğal baş versin. Hər bir qarabağlı kimi arzum budur ki, Şuşamız geri alınsın.

Daha sonra mərasim iştirakçıları şəhidlərimizin xatirəsinə ucaldılan "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyublar.

Həsən Əhmədov- Şuşa sakini:

Şuşa haqqında danışmaq həddinən artıq çətindir. Şuşamız Aazərbaycanın ürəyi, musiqimizin, mədəniyyətimizin beşiyi idi. Şuşanın mundar ermənilərin ayaqları altında olduğunu düşündükcə, ürək daş da olsa əriyir. Bir arzumuz var ki, doğma torpaqlarımıza qayıdaraq Şuşanı yenidən əvvəlki Şuşa edək.

Yasəmən Vəlizadə- Şuşa sakini:

Şuşanın işğal gününü həmişə biz matəm kimi qəbul edirik. Doğma torpaqlarımızdan qaçqın düşmüşük. Amma ümid edirik ki, prezidentimiz İlham Əliyev tezliklə torpaqlarımızı işğaldan azad edəcək.

Bundan sonra mərasim iştirakçıları Dağlıq Qarabağ uğrunda döyüşlər zamanı şəhid olan həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə